Diş saralmasının səbəbləri: Stomatoloqdan tövsiyyələr

Bölmə: Maraqlı › ,
Tarix: 21:07 16.04.2025

 

Hər kəs bəyaz və parlaq dişlərə sahib olmaq istəyir. Ancaq zaman keçdikcə bəzi amillər bu arzu edilən görünüşə mane olur. Ən çox rast gəlinən problemlərdən biri də dişlərin saralmasıdır.

 

Mövzu ilə bağlı stomatoloq Zaur Zakiroğlu "İnformator.az"a bildirib ki, diş saralmasının müxtəlif səbəbləri mövcuddur:

 

“Diş saralmasının müxtəlif səbəbləri var. Məsələn, siqaret, kofe, tünd çay içmək, qazlı sulardan istifadə etmək və s. Həmçinin ağız gigiyenasına düzgün əməl olunmayanda da saralma baş verir. Qida qəbulundan sonra dişləri düzgün fırçalamaq lazımdır. Bu zaman düzgün diş pastası və fırçası da seçilməlidir.

 

Mina qatı adətən dişləri sərt fırçalayanda, sərt çeynəmə zamanı, aşındırıcı diş pastalarından istifadə etdikdə zəifləyir. Mina qatı zəiflədikdə dişdə həssaslıq artır. Mina qatını gücləndirmək üçün kalsium floridli diş pastasından və yumşaq diş fırçasından istifadə edilməlidir”.

 

Stomatoloq klinik diş ağardılması prosedurunun riskləri və yan təsirlərindən də danışıb:

 

“Kliniki diş ağardılması zamanı adətən 3 tona kimi rəngi açırlar. Bu şüa ilə baş verdiyi üçün diş sinirləri oyanır. Hərəsi 15 dəqiqə olmaqla( ümumi 45 dəqiqə) 3 dəfə diş şüa altında qalır. Həmin zaman dişdə sızlama hiss edirsən. Düzdür pasiyentlər bunu istəyir. Amma tez-tez edilməsi yaxşı hal deyil”.

 

Zaur Zakiroğlu qeyd edib ki, körpəlik dövründə dişlərin rənginin dəyişməsinin qarşısını almaq üçün valideynlər müəyyən tədbirlər də ala bilərlər:

 

“Daimi dişlər çıxmağa başladıqdan sonra valideynlər diş gigiyenasına düzgün nəzarət etməlidir. 4-5 aydan bir stomatoloq nəzarətində olmalıdır. Düzgün diş pastası və fırçası seçilməlidir. Gündə 2 dəfə diş sürtmə vərdişi yaratmalıdırlar. Qidalanmaya nəzarət olunmalıdır. Uşaqların sevimlisi- şokoladdan az da olsa uzaq tutmaq lazımdır”.

 

 

Lalə Qurbanlı