“Musa Dembelenin klub alması nümunədir”

Tarix: 22:36 23.04.2025
"Bu gün dünya futbolunda belə tendensiyalara, xüsusilə hazırda futbolçu karyerasına davam edən, futbolçu karyerasını bitirənlərə çox rast gəlirik. Onlar iş həyatına atılır və qazandıqları milyonlar, bəlkə də bəzilərinin on milyonlar gəliri müxtəlif yatırımlara xərclənir".
Bu sözləri idman jurnalisti Elçin Cəfərov "İnformator.az"a açıqlamasında deyib.
O qeyd edib ki, futbolçular bu seçimi edərək qazandığı gəlirin üstünə pul qazanaraq gəliri daha da böyüdürlər:
"Bir çoxları maşın biznesinə, otel biznesinə, restoranlar şəbəkəsi və sairə yerlərə qoşulurlar. Musa Dembelenin hazırda Səudiyyə Ərəbistanda "Əl-İttifaq"da oynaması ilə onun gəlirləri kifayət qədər artıb. Qeyd etmək istəyirəm ki, Səudiyyə Ərəbistanda futbolçular Avropada qazandıqlarından 5-6 dəfə çox məvacib alırlar. Bura yollanan futbolçuların əksəriyyəti, Ronaldonu çıxmaq şərti ilə bir çoxları artıq karyeralarının sonlarına gəldiyi kimi dəyərləndirirlər. Musa Dembelenin klub alması, məncə, nümunədir. Ən azından öz fəaliyyət göstərdiyi sahəyə bir yatırım edir və özü də futbolçu, bu sahənin artıq mütəxəsisi kimi olduğuna görə aşağı yaş qruplarına bu klubu daha fərqli formada piyasaya çıxara bilər. Çünki futbolun hər mərhələsində iştirak edib. Əslində bu uzun illərdir davam edir, yəni, deməzdim ki, bu trendə çevrilər".
Müsahibimizin sözlərinə görə, Musa Dembele və digər futbolçular digər sahələrə yatırmaq yerinə, futbola yatırmaları, xüsusilə Dembele və digər oyunçuların əksəriyyəti Afrika kökənli futbolçulardır:
“Yəni bu baxış bucağından baxdıqda görürük ki, onlar sırf Afrikadan çıxma oyunçulardır. Oyunçular öz vətənlərinə üz tutaraq orada futbol klubu yaradıb, futbolçu yetişdirib Avropa bazarına yeni futbolçular qazandırır. Məncə, Dembelenin də əsas strategiyası bu yöndədir. Bəziləri isə klubları alıb başqa məqsədlər üçün istifadə edir, bookmatcher konturları fonunda pullar qazanır, bəzi çirkli pulların yuyulmasında istifadə etmək məqsədi güdürlər. Ancaq Dembelenin oyun tarixçəsinə baxdıqda bunu inkişaf məqsədi ilə etdiyi göz önündədir. Bundan başqa demək istəyərdim ki, bu addımın onun karyerasında bir təsiri olmayacaq, çünki o artıq klubu alıbsa, vaxtının böyük hissəsini ona sərf edəcək və bu istiqamətdə də futbolçu karyerasını başa çatdırdıqdan sonra klubun idarəçiliyində əsas yerə keçərək istədiyi strategiyanı tətbiq edərək, tam fərqli nəticələr toplamaq niyyətindədir. Ona uğurlar arzu edirəm”.
Zəhra Möhübbətova