ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaqmı? -ŞƏRH

Tarix: 23:19 23.04.2025
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə döyüşləri hazırkı cəbhə xətti əsasında dayandırmasını təklif edib.
Bu barədə “Financial Times”ın məlumatında deyilir.
Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri üzərində tam nəzarətdən imtina etməyə hazırdır. Bunun müqabilində ABŞ Krımı Rusiya ərazisi kimi tanımalı və Ukraynanın NATO-ya qoşulmasını qadağan etməlidir.
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında bildirib ki, bu tələblər Ukraynanın ərazi bütövlüyünü, suverenliyini əlindən alır:
"Bu Rusiyanın çoxdankı arzusudur ki, Krım rəsmi şəkildə tanınsın. Əgər bunu Ukrayna etmirsə, ən azından qlobal güc ilə ABŞ-nin Krımın tanınmasını təmin edir. Amerika Birləşmiş Ştatları da, Krımı Rusiyanın ərazi kimi tanımağa hazır kimi görsənir. Məhz bu məsələ bu gün ABŞ, Ukrayna və onu dəstəkləyən Avropa ölkələri arasında ən böyük əngəldir. Bununla bağlı Londonda keçiriləcək görüşün də Zelenskinin Krımı tanımaqdan imtina etməsi və bunu ABŞ-nin də etməsinə qarşı çıxdığı üçün bu görüş baş tutmayıb. ABŞ-nin dövlət başçısı Rubionun görüşə gəlməmə səbəbini buna bağlayırlar. Bu görüş artıq təxirə salınıb. Burada prinsipial məsələ Krımdır. Çünki digər 4 vilayətin, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Ukraynadan tanınması tələb olunmur. Bunu Ukrayna və Avropa Birliyi də dəstəkləməyəcəyi bəllidir. Amerika Birləşmiş Ştatları defakto olaraq bu ərazilərin üzərində Rusiya nəzarətini tanımasını istəyir. Bir növ bu ərazilərin, vilayətlərin işğal olunan ərazi kimi tanınmasını istəyir. Bu məsələyə Avropa dövlətləri, Fransa və İngiltərə kimi ölkələr açıq kimi görsənir. İşğal ərazi olaraq tanınması Rusiyanın ərazisi kimi tanınması anlamına gəlmir. Əksinə, işğal olunan ərazilər kimi tanınır. Bu da perspektivdə işğalda olan ərazilərin azad olunma haqqını Ukrayna özündə saxlayır".
Politoloq qeyd edib ki, bu gün ən böyük əngəl Krım məsələsidir:
"Əgər bu məsələdə anlaşma üçün ortaq bir variant tapılarsa, bütün ərazilər, sərhədlər boyunca atəşkəsi təmin etmək və sülh prosesinə başlamaq olar. Bu məsələdə Ukraynanın güzəştə getməsi hiss olunmur, niyə? Çünki Ukrayna Prezidenti bunu edə bilməz. Heç bir Ukrayna siyasətçisi bununla bağlı qərar verə bilməz. Ukrayna sadəcə əsas ukraynalıların ərazisi deyil. Krımın əsas dominant, aborigen xalqı tatar türkləridir. Bu da türklərə, tatarlara qarşı Ukrayna dövlətinin xəyanəti kimi dəyərləndirilməlidir. Buna qardaş Türkiyədə razı deyil. Hər zaman Krımın Ukraynanın tərkib hissəsi kimi tanıdığını bəyan edir. Ən böyük əngəl indiki vəziyyətdə Krım məsələsidir. Bir mənalı olaraq Ukrayna və onu dəstəkləyən qüvvələrin ABŞ-nin Ukraynanın NATO-ya qəbul olunmayacağı ilə bağlı birgə bəyanatı məsələsi tələbləri var. Bu məsələni müəyyən mənada razılaşdırmaq mümkündür. Ərazi məsələləri Ukrayna Dövlət Başçısı üçün həssas olduğu üçün aşılmaz məsələlərə çevirilə bilər. Bu da müharibənin davamı deməkdir. Bu məsələlər yaxın həftələrdə ən ciddi müzakirə predmeti olacaq. ABŞ Krımı Rusiyanın ərazisi kimi tanımağa hazır olduğu açıqca hiss olunur. Bu məsələ müharibəni bitirmək üçün açar məsələ kimi görsənir. Ona görə ABŞ bu məsələyə həvəsli görsənir. Bunu Ukrayna qəbul etməyəcək. Burada ziddiyətlər yaranarsa, ABŞ Ukraynaya təzyiq mexanizmlərini işə salacaq. Öncə silah tədarükünün, kosmik anlıq kəşfiyyat məlumatlarının yenidən dayandırılması kimi təzyiq mexanizmlərini əl ata bilər. ABŞ Ukrayna iqtisadi əməkdaşlığını inkişaf etdirmək üçün nəzərdə tutulan faydalı qazıntılarla bağlı bir sənəd var. Burada niyyət memorandumu imzalanıb, əsas sənəd hələ imzalanmayıb? Burada da müəyyən problemlər yarana bilər. ABŞ Ukrayna və Avropa Birliyi danışıqları davam edəcək. ABŞ-də Ukraynaya təzyiqlərini işə salacaq. Ən azından nəticə əldə edə bilsin. Rusiya-Ukrayna müharibəsini dayandırmaq mümkün olsun".
Nuray Əliyeva