Azərbaycan–Albaniya Əməkdaşlığı: Enerji Təhlükəsizliyi və Regional Tərəfdaşlıq

Bölmə: Siyasət › ,
Tarix: 19:22 19.05.2025

Prezident İlham Əliyevin Tiranaya rəsmi səfəri zamanı Albaniyanın dövlət rəhbərləri ilə keçirilən görüşlərdə iki ölkə arasında enerji, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Xüsusilə, TAP layihəsi və Albaniyanın qazlaşdırılması proqramı kimi strateji təşəbbüslər diqqət mərkəzində oldu. Bu görüşlər, Azərbaycan-Albaniya münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar açıb.

 

Prezidentin Tiranaya səfəri enerji təhlükəsizliyi, ikitərəfli münasibətlər və Azərbaycanın maraqları baxımından hansı əhəmiyyətə malikdir?

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a bildirib ki, dünyanın hazırkı problemlərlə dolu olan geosiyasi vəziyyətində təkcə Tiranaya səfər deyil, Albaniya ilə qurulması planlaşdırılan gələcək əlaqələr də deyil, ümumiyyətlə dünyanın hansı nöqtəsindən olmasından asılı olmayaraq həyata keçirilən bütün səfərlər, qərara alınan və razılaşdırılan əməkdaşlıqlar önəmlidir:

 

"Xüsusilə gələcəyin dünyası inşa edilərkən kimlər daha çox tərəflərlə işləyirsə, nə qədər çox əlaqələr qurursa, bu həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə ciddi üstünlüklər vəd edir və hər bir dövlət üçün yeni imkanlar qapısı açır.

 

O ki qaldı Tiranaya səfərə və Albaniya ilə aparılan danışıqlara — bu, regional enerji təhlükəsizliyi baxımından önəmli bir faktora çevrilə bilər. Bilirik ki, Avropanın enerji təhlükəsizliyi əsasən Rusiya enerji sektoru, ərəb ölkələri və ABŞ-dan təmin edilən enerji resursları ilə bağlı idi. Burada həm də Azərbaycan enerji resurslarına çıxış da önəmli bir tələb idi.

 

Rusiya ilə Qərb arasındakı qarşıdurma, Ukrayna müharibəsi fonunda ərəb dövlətləri və OPEK+ təşkilatının qoyduğu bəzi məhdudiyyətlər, eləcə də son dövrlərdə Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi və ənənəvi Amerika siyasətinin sırf Avropa baxımından dəyişməsi, Avropada enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Avropa başa düşdü ki, yalnız ABŞ və Rusiya ilə işləməklə bu iki güc mərkəzindən asılı vəziyyətə düşüb.

 

Bu nöqtədə Balkanlar xüsusilə zərər görən və çətinlik çəkən tərəflərdir. Çünki bu dövlətlər həm iqtisadi, həm də hərbi güc baxımından digər Avropa ölkələrindən zəifdir və tarixən müstəmləkə siyasətinin hədəfində olublar. Ona görə də, Balkan ölkələri artıq çoxşaxəli siyasət yürütməyə çalışır, şərq, qərb, şimal və cənub – yəni hansı istiqamətdən olursa-olsun – bütün tərəflərlə əməkdaşlığı artırmaqla xarici müstəqilliklərini müəyyən qədər genişləndirməyə çalışırlar.

 

Bu nöqtədə Azərbaycanla enerji razılaşmalarının əldə edilməsi və Azərbaycan üzərindən, eləcə də Mərkəzi Asiyadan Balkanlara enerji resurslarının çatdırılması məsələsi aktuallaşa bilər. Bu həm onların xarici siyasətdə daha müstəqil davranmasına şərait yarada bilər, həm də Azərbaycan üçün enerji məhsullarını satmaq və tranzit ölkə kimi əhəmiyyətini artırmaq baxımından xüsusi önəm daşıyır".

 

Politoloq əlavə edib ki, bu istiqamətdə addımların atılması üçün ideal bir fürsət yaranıb:

 

" Zaman etibarilə elə bir mərhələyə gəlmişik ki, Balkan ölkələri yaxın zamanda təkcə enerji sahəsində deyil, siyasi və hərbi sahələrdə də müstəqilliklərini gücləndirmək üçün Türkiyə kimi bölgəyə təsir gücü olan dövlətlərlə, məsələn, İtaliya ilə əməkdaşlıq axtara bilər. Həmçinin ənənəvi Avropa mərkəzli dayanışma və xarici siyasət proseslərindən çıxmaq tendensiyasını da müşahidə edə bilərik. Yəni Balkan ölkələrinin dünyaya daha geniş açılımını izləyə bilərik.

 

Bu nöqtədə onların üz tutacağı və əlaqələrini genişləndirəcəyi ölkələrdən biri olmaq, şübhəsiz ki, Azərbaycan üçün önəmlidir. Bu, həm regionda nüfuzumuzu artırmaq, həm də dövlət maraqlarımızı təmin etmək baxımından mühüm nəticələr verə bilər.

 

O ki qaldı ikitərəfli münasibətlərə — Azərbaycan və Albaniya münasibətləri üçün qeyd etmək lazımdır ki, Albaniya dövləti çoxəsrlik türk-müsəlman dövlətçiliyi təcrübəsinə malikdir. Bu region bir zamanlar Osmanlı imperiyasının tərkibində olub və onlar dövlətçilik ənənəsi və milli təfəkkürün formalaşması baxımından türk-islam dövlətçiliyinə uzaq deyillər.

 

Yəni Albaniya ilə danışılacaq çoxlu mövzumuz, birgə həyata keçiriləcək tranzit layihələrimiz ola bilər. Həm regional məsələlər, həm də ümumi təhlükəsizlik və dövlətçilik prizmasından müzakirə ediləcək bir çox mövzular ikitərəfli münasibətlərin inkişafına töhfə verə bilər".

 

Türkan Kərimli