Baş Prokuror üç ölkənin nümayəndələri ilə antikorrupsiya görüşü keçirib

Bölmə: Siyasət › ,
Tarix: 19:22 19.05.2025

Baş prokuror Kamran Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə görüşüb. 

 

"İnformator.az" xəbər verir ki, görüşlər zamanı Baş prokuror Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, prokurorluq orqanlarında tətbiq olunan müasir idarəçilik mexanizmləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. O, transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE Şəbəkəsinin bu istiqamətdə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

 

Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin həm regional, həm də qlobal səviyyədə koordinasiyası, institusional potensialın gücləndirilməsi və şəffaflığın təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

 

Qarşılıqlı etimada əsaslanan bu dialoqlar çərçivəsində qonaqlar Azərbaycanın elektron idarəçilik, etik davranış prinsiplərinin təşviqi, şəffaflıq və hesabatlılıq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

 

Görüşlərin sonunda nümayəndə heyətləri Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun tarixi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.


Nümayəndə heyətlərinin Azərbaycana səfərləri çərçivəsində işgüzar görüşləri davam edir.