Yeni mühitlə uyğunlaşma psixologiyası

Tarix: 22:47 19.05.2025
Yeni məktəb, universitet, iş yeri və ya şəhərə köçmək insanların həyatında tez-tez rast gəlinən dəyişikliklərdəndir. Belə dəyişiklər bir tərəfdən yeniliklər və geniş imkanlar gətirir. Digər tərəfdən isə bəzi insanlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu hallar stres, qorxu, narahatlıq kimi problemlər yarada bilir.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında bildirib ki, yeni mühit insanlarda təlaş yarada bilir:
“Ümumiyyətlə, yeniliklərə uyğunlaşmaq insanı çox vaxt qorxudur. Yeni bir yer, yeni bir iş, yeni bir insan, yeni bir məkan, yeni bir əşya hər zaman bizim üçün qorxu yaradır. Niyə qorxu yaradır? Çünki bizə məlum olmayan bir hissədir. Bizim komfort zonamız deyil. Naməlumluq insanlara daha çox təşviş, həyəcan və stres yaşadır. Bunu normal qəbul etməliyik. Yenilik bizə təəccüblü gəlsə belə, bizim bir insan olaraq yaşadığımız mühitdə olan yeniliklər bizə uyğunlaşa bilir. Biz də yeniliklərə uyğunlaşa bilirik. Bu, əslində, həm də ailələrin məşğul olacağı bir hissədir. Çünki biz övladlarımızı böyüdən zaman sanki öz malik olduqlarına möhkəm-möhkəm yapışmağı, öz hissələrini, əhatələrini, ərazilərini qorumağı öyrədirik. Ona görə uşaqlar, ümumiyyətlə, insanlar əllərində olanı “mənimkidir”,-deyə qəbul edirlər və həyatları boyu itirmə qorxusu ilə üzləşirlər. Yeniliklər bizə nə qədər məchul görünsə belə, insan dünyanın ən möhtəşəm varlığı, möhtəşəm canlısı olduğu üçün bu yeniliklərin əmələ gəlməsində, yaranmasında da insan faktoru böyük əhəmiyyət daşıyır. Yəni sadə dillə desək, əslində bu yenilikləri insan yaradır. Bu yeniliklər bir çoxumuza nə dərəcədə mənfi emosiyalar bəxş etsə də, əslində bizim üçün yeni emosiyaların yaranmağına da səbəb olur. Temperamentimizdən, fərdi xüsusiyyətlərimizdən, individuallığımızdan yola çıxaraq, əgər biz özümüz özümüzə bələdiksə, özümüzün fərqindəyiksə, mən qorxu yaşadan faktorların fərqindəyəmsə, özümlə əməkdaşlığa girə bilərəm, danışa bilərəm. Burada insanın həyatında ən böyük rol oynayan mütəxəssis psixoloq olur. Çünki psixoloq insanın fərdi xüsusiyyətlərini tapmağa kömək edir və insan fərdi xüsusiyyətlərinin fərqində olan zaman özü ilə əməkdaşlığa girə bilir. Özü ilə əməkdaşlığa girə bilən insan ona məchul qalan heç bir şeyin qarşısında əyilmir, sınmır, stresə düşmür, əksinə, çarə axtarışına çıxır”.
Lalə Qurbanlı