Avropa ölkələri Ukrayna məsələsini müzakirə ediblər

Bölmə: Siyasət › ,
Tarix: 22:38 19.05.2025

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezident Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb, tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, Avropa ölkələrinin liderlərinin Ukrayna məsələsində mövqeləri əhəmiyyətli dərəcədə üst-üstə düşür:

 

“Burada yalnız fikir ayrılıqları və yaxud fərqli mövqe Avropa ölkələri ilə ABŞ arasındadır. Ona görə də onlar hər bir məsələni Trampla da müzakirə etməyə, bi tərəfdən də sanki Trampın da fikrini dəyişməyə çalışırlar. Bu məsələ də İtaliyanın baş naziri Corcia Meloni daha çox diqqəti cəlb etmir. Ümumiyyətlə, İtaliya da Ukraynanı dəstəkləyir və Ukrayna ilə münasibətdə Rusiyanın mövqeyini qəbul eləmir. Trampı nəzərə almasaq, bu dövlətlərin arasında fikir ayrılıqları yoxdur. Trampla da uzlaşmağa çalışırlar. Əgər uzlaşma baş tutarsa, sözsüz ki, Avropa və ABŞ eyni mövqedə birləşə bilərlər. Britaniyanın da bu məsələlər də fəallıq etməsi birmənalıdır. Britaniya dünyada bir çox strateji məsələlərin həllində xüsusi rolu olan dövlətlərdən biridir. Düzdür, hazırda Britaniya Aİ-nin üzvü deyil, lakin Ukrayna məsələsində Aİ ilə birgə hərəkət edir. Mən düşünürəm ki, hətta Ukrayna təhlükəsizlik məsələsini B.Britaniya və Fransa öz üzərilərinə götürüblər. Ümumiyyətlə, Ukraynanın mövqeyinin, müdafiəsinin artırılmasında hər zaman Britaniyanın xüsusi rolunu görürük. Yəni, dünya siyasətində Ukrayna və digər məsələlərə münasibətdə B.Britaniya hər zaman fərqli mövqeyə malik olubdur. Ola bilsin ki, indi də K.Starmer həmin o özəl mövqeni qorumağa çalışır. Əslində bu anlaşılandır. Çünki, B.Britaniya hər zaman son 2-3 il ərzində əhəmiyyəti yüksək olan dövlət kimi çıxış edir. Bu məsələlərə Rusiyanın təsiri ola bilər. Rusiya Ukrayna məsələsində Avropa ölkələri və Qərb ilə anlaşarsa, əməkdaşlığın reallaşması, gələcəkdə sanksiyaların aradan qaldırılması, yenidən diplomatik münasibətlərin yaranması, Rusiyanın dondurulmuş aktivlərinin qaytarılması kimi və.s məsələlər müzakirə olunub və həll ola bilər. Əgər Rusiya müharibəni davam edəcəksə, ümumiyyətlə, bu müzakirələr Qərb ilə Rusiyanın münasibətlərini kəskinləşdirəcək”.


Aysel Mirzəyeva