Merts: Biz artıq indidən Ukraynanın bərpası barədə düşünməliyik

Tarix: 19:48 20.05.2025
Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp və Avropa liderlərinin sülhə nail olmaq yollarına dair mövqeyini müzakirə ediblər.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.
“Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mühüm söhbət etdik. Ukraynaya dəstək verməklə bağlı güclü və konstruktiv mövqeyə görə təşəkkür etdim. Prezident Trampla dünənki söhbətimizi, eləcə də Avropa liderləri ilə bugünkü danışıqlarımızı müzakirə etdik”, - Zelenski bildirib.
Mertslə söhbətdən sonra o vurğulayıb: “Biz bütün əlaqələrimizi və addımlarımızı mümkün qədər koordinasiya edirik. Bütün tərəfdaşlar arasında birliyi qorumaq və bu müharibəni həqiqətən ədalətli sülhlə bitirə biləcək həll yollarını axtarmaq çox vacibdir”.
Onun sözlərinə görə, tərəflər həmçinin müharibə başa çatdıqdan sonra Ukraynanın bərpasından danışıblar. “Biz artıq indidən bu barədə düşünməliyik və real sülhü indi daha da yaxınlaşdırmağa kömək edəcək və sonra onu dəstəkləyəcək aydın planımız olmalıdır. Gəlin bunu həyata keçirmək üçün birlikdə çalışaq. Dəstəyiniz üçün təşəkkür edirik!”, - Ukrayna Prezidenti əlavə edib.