İran və Azərbaycan münasibətləri araslnda yenilik

Bölmə: Siyasət › ,
Tarix: 21:19 20.05.2025

“Araz-2025” birgə təlimi Azərbaycan və İran silahlı qüvvələrinin iştirakı ilə keçirilən hərbi təlimdir. Təlim mayın 21-dək işğaldan azad edilmiş ərazilərdə davam edəcək. Təlimdə iştirak edən heyətlər arasında görüşlər keçirilib, təlimin ssenarisi, keçiriləcəyi ərazi, hazırlıq prosesi və təhlükəsizlik qaydaları müzakirə olunub.

 

“Araz-2025” təliminin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi hansı simvolik və strateji mesajı verir və bu cür hərbi əməkdaşlıq bölgədə təhlükəsizlik və sabitliyə necə töhfə verə, həmçinin gələcəkdə hansı sahələrdə dərinləşdirilə bilər?

 


Mövzu ilə əlaqədar politoloq Natiq Miri " İnformator.az"a bildirib ki, bu məsələ Azərbaycan–İran münasibətlərində yeni mərhələnin tərkib hissəsi kimi dəyərləndirilməlidir:

 

"Çünki tədricən bütün sahələr üzrə – siyasi, iqtisadi, ticari, mədəni, hətta göründüyü kimi hərbi cəhətdən də əlaqələrin dərinləşdirilməsinə cəhd edilir. Bu baxımdan təlimləri də təxminən bu kontekstdə dəyərləndirmək lazımdır. Azad olunan ərazilər deyəndə isə söhbət əsasən İranla sərhəd bölgələrindən gedir. Bu səbəbdən zaman-zaman sərhəddə, eləcə də Xəzər dənizində birgə əməliyyatlar keçirilib. Sərhəd bölgəsində bu kontekstdə təhlükəsizlik əməliyyatlarının birgə keçirilməsi normaldır və bu, təbii ki, normal münasibətlərin olduğu şəraitdə keçərlidir. Edilmək istənilən də budur: münasibətləri daha isti məcraya – hətta hərbi əməkdaşlıq istiqamətində – daşımaq arzusu var. Bu da, eyni zamanda, hərbi qüvvələrin yaxınlaşması anlamına gəlir. Amma bu prosesdən konkret nəticələr çıxarmaq üçün hələ tezdir.

 

Əlbəttə, burada əsas məqsəd təhlükəsizlik və sabitliyə veriləcək töhfədir. Əgər münasibətlər normal səviyyədə davam etsə, bu proses ordular arasında da inkişaf edə, tənzimlənə bilər və nəticə etibarilə yaxınlaşma baş verə bilər. Bu da iki dövlət arasında təhlükəsizliyə xidmət edər. Ona görə də bu cür cəhdlər edilir və münasibətlərdəki soyuqluq müəyyən qədər aradan qaldırılmağa çalışılır. Çünki bu illər ərzində soyuq münasibətlər və İranın Azərbaycana düşmən münasibəti nə İranın, nə də regionun maraqlarına uyğun olub. Ona görə də Azərbaycanla düşmənçilikdənsə, dostluq münasibətləri qurmaq İranın maraqlarına daha uyğun bir siyasətdir".

 

Ekspert əlavə edib ki, İran artıq tədricən iqtisadi sanksiyalar fonunda izolə olunmuş vəziyyətdədir və ciddi təzyiqlərlə üz-üzədir:

 

"Belə bir şəraitdə bütün qonşu ölkələrlə normal
münasibətlərin qurulması İran üçün faydalıdır. İran prezidenti də seçkilərdən sonra verdiyi ilk açıqlamada məhz bu istiqamətdə danışdı. Lakin bu münasibətlərin davamlı olub-olmayacağını, əlaqələrin dərinləşdirilməsinə töhfə verib-verməyəcəyini zaman göstərəcək.

 

Hərbi əməkdaşlığın hansı sahələrdə dərinləşdiriləcəyi barədə öncədən danışmaq doğru olmaz. Bu, sadəcə bir perspektiv olaraq görünür. Amma hələlik əsas məsələ – normal münasibətlərin qurulmasıdır. Bu münasibətlər nə qədər səmimi olarsa, əlaqələr nə qədər müsbətə doğru inkişaf edərsə, qarşılıqlı etimad yaranarsa, yalnız o zaman hərbi əməkdaşlığın perspektivlərindən danışmaq olar. Çünki hərbi əməkdaşlıq üçün dövlətlər arasında qarşılıqlı etimad əsas şərtdir. Bu gün isə belə bir etimad tam şəkildə mövcud deyil.

 

Çünki hələ də İranda hakimiyyətdə elə qüvvələr var ki, Azərbaycanla müsbət münasibətlərin qurulmasını istəmirlər. Onlar iki addımdan bir Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətt” kimi təqdim edirlər. Azərbaycana düşmən münasibəti bəsləyən bir ölkənin, İranın, Ermənistanın sərhədlərinin bütövlüyü və suverenliyi kimi məsələləri qırmızı xətt olaraq qəbul etməsi, özü də bu məsələlərin ona aidiyyəti olmadan, əlbəttə ki, Azərbaycan–İran münasibətlərinə müsbət perspektiv vəd etmir.

 

Ona görə də bu əməkdaşlığın nə qədər səmimi olduğunu göstərmək lazımdır. Əgər bu münasibətlər davamlı olarsa, növbəti mərhələlərdən danışmaq mümkün olacaq. Hazırkı vəziyyətdə isə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra Azərbaycan–İran münasibətlərində əməkdaşlığın yeni mərhələsindən danışmaq mümkündür. Lakin bu yeni mərhələ yalnız prosesin davamlı olduğu halda dərinləşə bilər".

 

Türkan Kərimli