Tramp Putin ilə görüşəcəyinə əmindir

Tarix: 23:52 20.05.2025
ABŞ Prezidenti Donald Tramp Rusiya – Ukrayna müharibəsinin həlli üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşün təşkili və keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a müsahibəsində bildirib ki, Rusiya–Ukrayna münaqişəsinin yaranmasının başlıca səbəbkarı, başda ABŞ olmaqla, NATO blokudur:
“O dövrdə ABŞ-nin prezidenti Barak Obama bu məsələdə çox aktiv rol oynayıb. Tramp dəfələrlə bəyan edib ki, bu münaqişə “axmaq Baydenin müharibəsidir”. Yəni Tramp açıq deyib ki, bu mənim müharibəm deyil. Tramp, Bayden Amerikasının prezidentliyinin varisidir. Ona görə də bu məsələdə ABŞ məsuliyyət daşıyır. Trampın seçki prosesində xalqa verdiyi bir söz var idi: qısa bir müddətdə Rusiya–Ukrayna münaqişəsini həll edəcək. Trampın bəyanatları dünyada, xüsusilə də bu münaqişədə, yeni bir siyasi situasiya yaradıb. Trampın mövqeyi NATO blokunda və Qərblə ABŞ arasında fikir ayrılığı yaradıb. Bu yaxınlarda Tramp açıq dedi ki, Rusiya–Ukrayna münaqişəsinin onun iştirakı olmadan həlli qeyri-mümkündür. Bu bəyanat göstərir ki, Tramp münaqişədə söz sahibi olmaq istəyir. Zelenski Ağ Evdə görüşdən sonra məyus qayıdıb və daha sonra Avropa liderləri ilə görüşlər keçirib. Münaqişə uzandıqca, bu, dünyanın iqtisadi və siyasi sisteminə təsir edir”.
Ekspertin sözlərinə görə,
Trampın açıqlamaları göstərir ki, münaqişənin görünən və görünməyən tərəfləri var. Trampla Putin arasında görüş baş tutsa, bu, münaqişənin yumşalmasına gətirib çıxara bilər:
“Çünki ABŞ bu münaqişədə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən iştirak edir. Münaqişə uzandıqca Ukrayna daha çox ərazi itirə bilər. Rusiya atəşkəsdə maraqlı deyil. Çünki atəşkəs Ukraynanın maraqlarına uyğundur. Ukrayna bu yolla güclənə bilər. Amma məsələnin köklü həlli üçün yeni siyasi situasiya vacibdir. Zelenski isə bu istiqamətdə addım atmır. Çünki bu münaqişədə qalib tərəf Rusiyadır. Rusiya diktə edən tərəfdir. Ukrayna və Qərb Rusiyanın şərtlərini qəbul etməlidir. Rusiyanın birinci şərti Ukraynanın neytral statusda olmasıdır. Ukrayna Qoşulmama Hərəkatına müraciət etməlidir. Tramp bu məsələdə aktiv rol oynamalıdır. Çünki münaqişəni yaradan Bayden hakimiyyəti olub. Tramp və Putin arasında görüş münaqişənin 50 faiz həlli deməkdir. Yaxın vaxtlarda ilkin telefon danışıqları ola bilər. Münaqişə uzandıqca, dünyada xaos yaranır. Bu xaos həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan təsir edir”.
Son olaraq müsahib bildirib ki, Zelenski NATO-ya inteqrasiyadan imtina etmir və NATO zəmanəti altında təhlükəsizlik istəyir. Bu cür bəyanatlar Rusiyada yeni qıcıq yarada bilər:
“İstanbulda keçirilən Ukrayna–Rusiya görüşü irəliyə doğru bir addımdır. Bu cür dialoqlar davam etdirilməlidir.
Təəssüf ki, Zelenskinin çıxışları dialoqun baş tutmasına mane olur. Münaqişənin yaranmasının əsas səbəbi Ukraynanın NATO-ya inteqrasiyası məsələsidir. Münaqişə uzandıqca, Ukrayna yeni torpaqlarını itirir. Torpaqlarını itirən Ukrayna diktə edə bilməz. Bu məsələdə diktə edən tərəf Rusiyadır. Rusiyanın şərtləri qəbul edilməlidir. ABŞ-də bilir ki, Rusiyanın maraqları təmin edilməsə, münaqişə dayanmayacaq. Reallığı düzgün qiymətləndirməyən Qərb bu vəziyyəti daha da qızışdırır. Rusiya nəzarət etdiyi torpaqlardan geri çəkilməyəcək və onları özününküləşdirəcək. Bu isə Ukrayna üçün daha ağır nəticələrə gətirib çıxarır”.
Asiman Vəliyeva