ASELSAN-ın hazırladığı Ürək-Ağciyər Aparatı təqdim olunub

Bölmə: Dünya › ,
Tarix: 23:16 20.05.2025

 

ASELSAN-ın səhiyyə texnologiyaları arasında yer alan Ürək-Ağciyər Aparatının qan testləri uğurla tamamlanıb. Bu aparat açıq ürək əməliyyatlarında ürək və ağciyərin funksiyasını yerinə yetirmək məqsədilə istifadə olunacaq.

 

Səhiyyə sahəsindəki fəaliyyətlərini həyat dəstəyi və tibbi görüntüləmə sahələrində davam etdirən ASELSAN, Türkiyədə ilk dəfə milli imkanlarla Ürək-Ağciyər Aparatı hazırlayıb. Qan testləri uğurla tamamlanan Ürək-Ağciyər Aparatının təqdimatı Səhiyyə naziri Prof. Dr. Kemal Memişoğlunun iştirakı ilə Expomed Sərgisində keçirilib.

 

ASELSAN tərəfindən 2020-ci ildə başlanan işlər nəticəsində innovativ xüsusiyyətləri və erqonomikası ilə seçilən Ürək-Ağciyər Aparatı; iF Design, A’Design və IDA Design olmaqla üç fərqli mərkəzdən sənaye dizaynı mükafatı qazanıb.

 

Cihazın dizayn prosesi, xəstəxanalarda çalışan sahə üzrə ixtisaslaşmış həkimlər və perfuzioloqların mühüm töhfələri ilə həyata keçirilib. Türkiyə Sağlamlıq İnstitutları Başqanlığı (TÜSEB) ilə birlikdə klinik sınaq mərhələsi davam etdirilən cihazın gələn ildən etibarən xəstəxanaların istifadəsinə verilməsi planlaşdırılır.

 

Yüksək yerli istehsal payına sahib olan cihazın ölkənin xarici ticarət kəsirinin azaldılmasına mühüm töhfə verməsi və dünyanın müxtəlif ölkələrinə ixrac edilməsi də planlaşdırılır.

 

TRT XƏBƏR

Lalə Qurbanlı