ABŞ sülh prosesindən imtina edə bilər – Vensdən sərt mesaj

Bölmə: Dünya › ,
Tarix: 20:33 20.05.2025

Moskva və Kiyev razılığa gələ bilməsə, ABŞ münaqişənin həlli üzrə sülh prosesində iştirakını dayandırmağa hazırdır. Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

 

“Biz müharibəyə son qoymağa çalışacağıq, amma bacara bilməsək, bu halda söyləyəcəyik: ‘Cəhd etməyə dəyərdi, lakin artıq bununla məşğul olmayacağıq' "– Vens qeyd edib.

 

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə “İnformator.az”a açıqlamasında bildirib ki, son günlər səsləndirilən bəyanatlar əslində diplomatik oyunun bir hissəsidir və informasiya müharibəsinin elementlərindən biri kimi qiymətləndirilə bilər:

 

“Diplomatiya sahəsində bu cür yanaşmalar tez-tez müşahidə olunur. Qeyd etmək lazımdır ki, Rusiya və ABŞ arasında müəyyən təmaslar mövcuddur və hazırda danışıqlar aparılır. Sadəcə hələ razılaşdırılmamış məsələlər qalır.

 

ABŞ rəsmisi Vensin verdiyi bəyanatı ABŞ–Ukrayna münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirmək düzgün olmazdı. Hazırda ABŞ sülh prosesindən geri çəkilməyib. Bunu bir neçə gün əvvəl keçirilən İstanbul görüşü də təsdiqlədi. Prezident Vladimir Putinin həmin görüşdə iştirak etməməsi də müəyyən mesaj xarakteri daşıyırdı — bu, danışıqların əsasən ABŞ-lə aparıldığını göstərirdi.

 

Vaşinqton atəşkəsin tezliklə əldə olunmasına çalışır, lakin bu prosesdə bir sıra mühüm nüanslar var. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Bu isə sülh prosesində ciddi maneəyə çevrilib və nəticədə müharibənin uzanmasına səbəb olur. Vensin bəyanatı isə diplomatik müstəvidə atılmış taktiki addım kimi qiymətləndirilməlidir.

 

Bununla yanaşı, Rusiya hazırda Avropa Birliyi ilə birbaşa danışıqlar aparmır. Mövcud təmaslar əsasən Ukrayna və ABŞ arasında gedir. Bu fakt bir daha göstərir ki, ABŞ bu prosesdə əsas siyasi aktorlardan biridir və onun rolu həlledicidir”.

 

Politoloq əlavə edib ki, əsas problem ondan ibarətdir ki, tərəflər arasında hələ də razılaşdırılmayan məqamlar qalır:

 

“Ukrayna tərəfinin təhlükəsizliklə bağlı ciddi narahatlıqları var. Rusiya isə yalnız işğal etdiyi əraziləri saxlamaqla kifayətlənmir, eyni zamanda Ukraynanın tam hərbisizləşdirilməsini tələb edir.

 

Bütün bu amillər müharibənin davam etməsinə səbəb olur. Mövcud vəziyyət isə göstərir ki, ABŞ sülh prosesindən tam çəkilməyib. Hətta Rusiya tərəfi də diplomatik kanallar vasitəsilə bunu dolayısıyla etiraf edir”.

 

Aytən Ağazadə