İsrail -Müttəfiqlərlə gərginlik

Bölmə: Siyasət › ,
Tarix: 21:22 20.05.2025

 

İsrail bütün Qəzzaya nəzarət edəcək. Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Hərbi addımların məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyəti və Qəzzada saxlanılan israilli girovların azad edilməsi. Eyni zamanda, yaxın vaxtlarda İsrail ABŞ-la birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfdarları tərəfindən oğurlanmasının qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsini yerləşdirəcək”, - o bildirib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “ İnformator.az ”a açıqlamasında bildirib ki, İsraillə Birləşmiş Ştatlar arasında ciddi fikir ayrılıqları yaranıb və bu ziddiyyətlər zamanla daha da dərinləşməkdədir:

 

“İsrailin Qəzzada hərbi əməliyyatları davam etdirməsi ABŞ-nin maraqları ilə toqquşur və bu, əslində Netanyahunun Trampın Yaxın Şərq siyasətinə təsir göstərmək cəhdi kimi dəyərləndirilə bilər. Netanyahunun məqsədi Qəzzadakı əməliyyatlarda israr edərək, Trampın İsrail-Fələstin, İsrail-Suriya və ümumilikdə Yaxın Şərqlə bağlı siyasətini dəyişməyə məcbur etməkdir.

 

Lakin bu siyasətin arxasında daha dərin səbəblər dayanır. İlk növbədə, Netanyahunun ölkə daxilində üzləşdiyi korrupsiya ittihamlarının gündəmdən çıxarılması və Qəzzada aparılan əməliyyatlarla bağlı sorğuların önünün alınması əsas hədəflər sırasındadır. Netanyahunun yaxşı bilir ki, müharibəni dayandırarsa, daxili siyasi təzyiqlər daha da güclənəcək. Bu səbəbdən, o, hərbi əməliyyatları davam etdirərək bu problemləri kölgədə saxlamağa çalışır.

 

Qəzzaya tam nəzarət planının mərkəzində isə İsrail dövlətinin deyil, məhz Netanyahunun şəxsi maraqları və Tramp üzərindəki təzyiq vasitələri dayanır. Humanitar yardımın Qəzza sakinlərinə çatdırılmasına İsrail hökuməti əngəllər yaradır. Netanyahunun əsas arqumenti budur ki, bu yardımlar Həmasın əlinə keçir. Ona görə də, yalnız Həmas Qəzzada tamamilə sıradan çıxarıldıqdan sonra yardımların maneəsiz çatdırılmasına imkan veriləcəyini iddia edir. Halbuki bu arqument reallıqdan uzaqdır və əslində bu, İsrail hökumətinin Qəzzadakı əhalinin köçürülməsi və ərazinin ilhaqı planlarından əl çəkmədiyini göstərir. Belə addımlar isə regionda gərginliyi daha da artırır.”

 

Siyasi şərhçi əlavə edib ki, Trampın Yaxın Şərq səfəri zamanı İsrailə getməməsi, eləcə də ABŞ Müdafiə nazirinin İsrailə planlaşdırılan səfərini ləğv etməsi, Netanyahunun hökumətinə qarşı açıq mövqe nümayişidir:

 

“Bundan əlavə, husilərlə bağlı ABŞ-nin tutduğu mövqe də diqqətəlayiqdir. ABŞ rəsmisinin bildirdiyinə görə, husilərin İsrailə qarşı mümkün hücumlarının neytrallaşdırılması Vaşinqtonun prioritetləri arasında yer almır. Bu isə İsrail və husilər arasındakı münasibətlərin ABŞ maraqları daxilində olmadığını göstərir.

 

Bütün bu faktorlar və açıqlamalar göstərir ki, Netanyahunun apardığı siyasət artıq həm beynəlxalq aləmdə, həm də ölkə daxilində ciddi narazılıq doğurur. Xüsusilə Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində çıxardığı həbs qərarı vəziyyəti daha da ağırlaşdırır. Bu qərar nəticəsində Netanyahunun beynəlxalq diplomatik səfərləri çətinləşib. Hətta ən yaxın müttəfiqlərdən olan Böyük Britaniyaya belə səfər edə bilmir. Bu da İsrail diplomatiyasının daralmasına səbəb olur.

 

Son günlərdə Kanada, Böyük Britaniya və Fransa tərəfindən verilən bəyanatlar da diqqət çəkir. Əgər İsrail Qəzzadakı hərbi əməliyyatları dayandırmasa, bu ölkələr tərəfindən sərt tədbirlərin görüləcəyi rəsmi şəkildə bildirilib. Bu da onu göstərir ki, Netanyahunun Tramp vasitəsilə təzyiq imkanları da tükənməkdədir. Çünki Tramp da artıq onun əleyhinə istifadə oluna biləcək ciddi vasitələrə malikdir: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı, ölkə daxilində artan korrupsiya ittihamları və müxalifətin təzyiqləri.

 

Beləliklə, Netanyahunun siyasi manevr imkanları sürətlə daralır və onun bu aqressiv siyasəti uzunmüddətli perspektivdə davam etdirməsi mümkün görünmür. İstisna deyil ki, yaxın gələcəkdə İsrailin müttəfiqləri, o cümlədən Böyük Britaniya, Netanyahunun gedişindən sonra İsraillə münasibətlərə yenidən baxacaq.”

 

Mahmudlu Ləman