Rusiya atəşkəs memorandumu üçün hazırdır

Bölmə: Siyasət › ,
Tarix: 21:21 20.05.2025

 

Rusiya, Ukrayna ilə davam edən münaqişənin həlli istiqamətində atəşkəsi nəzərdə tutan memorandum üzərində işləməyə hazır olduğunu bəyan edib. Bu addım regionda sülhün bərpası üçün diplomatik imkanların yenidən gündəmə gəlməsinə səbəb olub.

 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, münaqişə tərəflərinin hər birinin öz maraqları və istəkləri mövcuddur:

 

"Əlbəttə ki, bu təşəbbüs sülh naminə irəli sürülüb və görürük ki, bu məsələnin həllini istəyən bir neçə ölkə var. Onların sırasında Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukraynanın özü də yer alır. Əsas məqsəd ondan ibarətdir ki, sülh tezliklə bərqərar olsun. İlk növbədə, atəşkəsin əldə olunması vacibdir ki, bu memorandumun imzalanma mərasimi sağlam və uğurlu şəkildə baş tutsun. Eyni zamanda, orada təsbit olunacaq bütün müddəaların yerinə yetirilməsi təmin edilməlidir. Burada çoxsaylı məqamlar mövcuddur – siyasi, hərbi, coğrafi və humanitar məsələlər. Bunların hər biri memorandumda dəqiq şəkildə əksini tapmalı və razılaşdırılmalıdır.

Ancaq həmişə olduğu kimi, əgər bir tərəfin üstünlüyü varsa, digər tərəf çalışır ki, bu üstünlüyü maksimum dərəcədə azaltsın və özü üçün əlverişli bir şərait, yəni siyasi konfiqurasiya formalaşdırsın. Bu baxımdan düşünürəm ki, Ukraynanın mövqeyi bir qədər daha çətindir. Hazırda Ukrayna xatırladır ki, üç il əvvəl İstanbulda keçirilən görüş zamanı əgər rəsmi Kiyev vəziyyəti düzgün qiymətləndirə bilsəydi, bu qədər itkilər yaşanmaz, bu qədər ərazi itirilməzdi və münaqişənin həlli üçün yollar açıq qala bilərdi.

Lakin indi görürük ki, Kiyev əvvəlki kimi eyni mövqeni nümayiş etdirir və bildirir ki, ilk növbədə atəşkəs elan edilməlidir, daha sonra danışıqlara başlanılsın. Halbuki digər tərəf deyir ki, əksinə, əvvəlcə danışıqlara başlayaq, sonra atəşkəs üçün zəmin formalaşdıraq. Hazırda ABŞ-ın sabiq prezidenti Donald Trump ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında da vurğulanıb ki, onlar, doğrudan da, vasitəçi tərəflər kimi bu prosesdə iştirak etməyə hazırdırlar.

Təbii ki, siyasətdə olduğu kimi, hər bir oyunda da hər tərəf öz maraqlarını güdür və çalışır ki, özü üçün daha əlverişli bir şərait formalaşdırsın. Mənə elə gəlir ki, burada əsas mübahisəli məqamlar məhz siyasi və hərbi aspektlərdən qaynaqlanacaq. Çünki rəsmi Kiyev çalışacaq ki, ərazi itkiləri ilə barışmasın və maksimum dərəcədə Rusiya qoşunlarının hazırda nəzarətdə saxladığı ərazilərdən çıxarılmasına nail olsun".

 

Ekspert həmçinin bildirib ki, burada Prezident Zelenskinin də məsuliyyəti var:

 

"Rusiyanın nümayəndələri hazırda şəhərlərin infrastrukturunu bərpa edir, təmir-bərpa işlərini həyata keçirirlər. Bu isə onu göstərir ki, Rusiya ələ keçirdiyi ərazilərdə artıq tam nəzarətini qurmağa başlayıb – orada yerli hakimiyyət strukturlarını formalaşdırır, idarəetmə orqanları yaradır.

Digər tərəfdən, əgər bu ərazilərə sərmayə yatırılırsa, bu da onu göstərir ki, həmin torpaqların Ukraynaya geri qaytarılması ehtimalı olduqca azdır. Bəli, bu vəziyyətdə Prezident Zelenskinin də ciddi məsuliyyəti var. Əgər o vaxtında daha çevik və kompromisə açıq mövqe sərgiləsəydi, dialoqa açıq olsaydı, çox güman ki, bu qədər Ukrayna ərazisi Rusiya tərəfindən işğal olunmazdı.

Ukraynanın bu vəziyyətə cavabı nə ola bilər? Görünən odur ki, Kiyev çalışır öz ətrafında Avropanın aparıcı güclərini – Paris, London və Berlin üçlüyünü bir araya gətirib gücləndirsin. Məqsəd ondan ibarətdir ki, bu ölkələrin ətrafında anti-Rusiya qütbü formalaşdırılsın və onların Ukraynaya verdiyi dəstək artırılsın. Əvvəla, Rusiyanın strateji resurs bazası olduqca zəngindir. Bu gün Rusiya heç kimdən birbaşa kömək ummadan müharibə aparır. Həm Çin, həm Şimali Koreya, həm də İran ona dəstək göstərir. Bu dəstək daha çox hərbi-texniki sahədədir.

Aydın görünür ki, Ukraynanın daxili və xarici siyasətində dəyişikliklərə ehtiyac var. Günümüzün siyasi gündəliyi yenilənməlidir. Üstəlik, Prezident Zelenskinin sərt və barışmaz mövqe nümayiş etdirməsi Ukrayna dövlətinin uzunmüddətli maraqlarına uyğun deyil. Sonda isə əsas sual ortaya çıxır: əgər Ukrayna bu razılaşmaya gələrsə, öz suverenliyini necə qoruyacaq? Bu, çox vacib və həssas bir sualdır və ona cavab verə biləcək yeganə şəxslər Prezident Zelenski və onun yaxın ətrafıdır. Suverenlik yalnız sözlə deyil, əməli addımlarla təsdiqlənməlidir".

 

Güllər Gülhüseynova