Zelenski: Rusiya sülh danışıqlarını uzadaraq vaxt qazanmağa çalışır

Tarix: 21:24 20.05.2025
Ukrayna Prezidenti Vladimir Zelenski, Donald Trampın Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının yaxın olduğunu deməsindən bir gün sonra, Moskvanı müharibəni uzatmaq üçün vaxt qazanmağa çalışmaqda ittiham edib. Zelenski bildirib ki, Rusiya qeyri-real şərtlər irəli sürürsə, bunun ciddi nəticələri olmalıdır. O, Kiyevin danışıqlara açıq olduğunu da vurğulayıb.
Tramp, Putin və Zelenski ilə ayrı-ayrı telefon danışıqlarından sonra atəşkəs danışıqlarının dərhal başlanacağını deyib. Putin isə yalnız gələcək sülh sazişi üzrə memorandum üzərində işləməyə hazır olduğunu bildirib, lakin döyüşlərə fasilə vermək çağırışlarına toxunmayıb.
Rusiya Xarici İşlər Nazirliyi məsuliyyətin Kiyevdə olduğunu deyib, lakin Kreml danışıqların yaxın olduğuna dair iddiaları rədd edib. Bu fonda Zelenski Qərb müttəfiqləri ilə təmasları artıraraq diplomatik səylərə başlayıb. Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Digər tərəfdən, Ukrayna pilotsuz təyyarələrlə rekord sayda hücumla üzləşib və bu, müharibənin əvvəlindən bəri ən böyük hücum kimi qiymətləndirilib. Tramp isə Rusiyaya qarşı yeni sanksiyalara qoşulmaqdan imtina edib.
Almaniya müdafiə naziri Rusiyanın sülhə maraqlı olmadığını deyib. Putin hələ də 30 günlük atəşkəs təklifini və Zelenskinin İstanbulda görüş təklifini rədd edib. Kreml keçmişdə qısa müddətli atəşkəslər elan etsə də, Kiyev onların davamlı olmamasını əsas gətirərək etimadsız yanaşıb. Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından davam edir.
Mənbə: BBC
Kərimli Türkan