Peskov: Moskva ilə Kiyev arasında birbaşa əlaqələr həyata keçirilir

Bölmə: Dünya › ,
Tarix: 21:48 20.05.2025

Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasında əlaqə yaratmaqda effektiv vasitəçilik edib.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin başlatdığı vasitəçilik missiyası indiyə qədər yalnız sülh prosesinin başlanması ilə nəticələnib:

 

“Ümumi anlamda, Tramp administrasiyasının sülh cəhdləri iflasa uğrayıb. Tramp administrasiyası Rusiya və Ukrayna arasında münasibətlərin normallaşmasına yönəlmiş hər hansı bir prosesə start verə bilmədi. Əksinə, bu dövrdə Rusiyanın mövqeləri nisbətən gücləndi və Rusiya da öz şərtlərini Ukraynaya diktə etməyə cəhd göstərdi.

 

Hazırda isə Kreml sülh sazişi adı altında Ukraynaya kapitulyasiya aktını imzalatmaq cəhdlərindən çəkilib. İflasa uğramış bir missiyanın davam etdirilməsi isə yolverilməzdir. ABŞ-nin vasitəçiliyinin effektiv olacağı artıq inandırıcı görünmür. Bu səbəbdən digər beynəlxalq qurumlara və nüfuzlu dövlətlərə vasitəçilik imkanlarının yaradılması daha effektiv ola bilər.

 

Xüsusilə həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri olan Türkiyənin vasitəçilik missiyası indiki şəraitdə daha cəlbedici görünür. Bütün bunlar göstərir ki, Rusiya ABŞ-nin buraxdığı strateji səhvlərdən istifadə edərək sülh prosesində şərtlərini diktə etmək imkanları əldə edib. Kreml isə bu fürsətdən maksimum istifadə edərək siyasi-diplomatik məkanda hücum taktikası həyata keçirir.

 

Digər qurumların vasitəçiliyi fərqli situasiya yarada bilər. Beynəlxalq hüquq normaları Rusiyanın diqqətinə çatdırılmalıdır. Bundan sonrakı dövrdə də sülh danışıqları Ukraynanın ərazi bütövlüyü kontekstində aparılmalıdır.

 

Kreml isə bununla barışmaq niyyətində deyil. Lakin Rusiyanı buna məcbur etmək artıq dünyanın gələcək siyasi tarixi üçün xüsusi əhəmiyyət daşıyır. Əgər Kreml bu qədər aqressiv davranışını davam etdirərsə, yaxın zamanlarda ABŞ və Avropa Birliyi birgə şəkildə Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirə bilər.

 

Xüsusilə də Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi qaçılmaz görünür".

 

Çimnaz Telmanqızı