Böyük Britaniya Körfəz ölkələri ilə böyük ticarət sazişinə yaxınlaşır

Bölmə: Dünya › ,
Tarix: 21:54 20.05.2025

Xəzinədar Reyçel Rivz bildirib ki, Böyük Britaniya Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla altı Körfəz ölkəsi ilə ticarət sazişi imzalamağa yaxındır. Bu, Brexit-dən sonrakı dövrdə qlobal ticarət əlaqələrini genişləndirmək üçün atılan addımlardan biridir


Birləşmiş Krallıq altı Körfəz Əməkdaşlıq Şurası ölkəsi – Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri – ilə böyük bir ticarət sazişini yekunlaşdırmağa yaxındır. Bu barədə Xəzinədar Reyçel Rivz çərşənbə axşamı BBC-yə verdiyi müsahibədə məlumat verib.


Bu sazişi Londondakı "növbəti razılaşma" adlandıran Rivz, Britaniyanın Brexit-dən sonra qlobal ticarət sahəsində göstərdiyi fəallığı vurğulayıb. O, son iki həftə ərzində ABŞ, Avropa İttifaqı və Hindistan ilə imzalanan ticarət sazişlərini Birləşmiş Krallığın güclənmiş qlobal mövqeyinin sübutu kimi göstərib.

 

"Britaniya bu ölkələrlə razılaşmalar baxımından dünyada ən yaxşı vəziyyətdə olan ölkədir", – deyə Rivz bildirib. "ABŞ ilə ilk və ən yaxşı saziş bizdədir, Aİ ilə Avropa İttifaqı xaricində olan hər hansı bir ölkə üçün ən yaxşı saziş bizdədir və Hindistanla da ən yaxşı ticarət sazişinə nail olduq".

 

O, Körfəz regionu ilə gücləndirilmiş əlaqələrin xüsusilə enerji, infrastruktur və maliyyə kimi sahələrdə böyük iqtisadi imkanlar yaradacağını qeyd edib.

 

Körfəz Əməkdaşlıq Şurası ilə danışıqlara əvvəlki Mühafizəkarlar hökuməti dövründə start verilib və indiki Leyborist hökuməti dövründə davam etdirilib. Bu saziş Birləşmiş Krallığın Yaxın Şərqdə mövcudluğunu gücləndirmək və ticarət portfelini şaxələndirmək üçün vacib bir addım hesab olunur.

ANEWZ
Gülhüseynova Güllər