Şara AŞ sədri ilə danışıb: Tarixi addım...

Tarix: 17:27 23.05.2025
Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb.
SANA agentliyinin məlumatına görə, tərəflər Avropa İttifaqı üzv dövlətlərinin Suriyaya qarşı əvvəlki illərdə tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi məsələsini müzakirə ediblər.
Prezident Şara bu qərarın ölkəni daha sabit və təhlükəsiz gələcəyə aparmaq baxımından “tarixi addım” olduğunu qeyd edib.
Görüş zamanı Suriya rəhbəri beynəlxalq ictimaiyyətin dəstəyinin hazırkı mərhələdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "İnformator.az ”a açıqlamasında bildirib ki,təbii ki, Suriya iqtisadiyyatına tətbiq olunan sanksiyaların yumşaldılması bu ölkənin xarici kreditlər əldə etməsinə və investisiyaları cəlb etməsinə imkan yarada bilər:
“Avropa Birliyinin bu məsələyə yanaşması isə bir neçə əsas istiqaməti əhatə edir.
Birincisi, AB gələcəkdə Suriyadan gələcək yeni qaçqın axınının qarşısını almağa çalışır. İkincisi, hazırda Avropada yaşayan suriyalı qaçqınların öz ölkələrinə geri qaytarılması üçün diplomatik danışıqların aparılması nəzərdə tutulur. Bu istiqamətdə Şara və digər yüksək səviyyəli rəsmilərlə görüşlərin keçirilməsi planlaşdırılır”.
İqtisadçı ekspert əlavə edib ki, bu danışıqların nəticəsi olaraq, Avropada qeyri-leqal şəkildə yaşayan suriyalıların geri qaytarılması üçün müəyyən mexanizmlərin yaradılması mümkündür:
“Bu mexanizmlərin tətbiqi qarşılığında isə Avropa Birliyi tərəfindən Suriyaya qarşı tətbiq olunan bəzi sanksiyaların ləğv edilməsi gündəmə gələ bilər. Başqa sözlə, Suriyanın qaçqınları geri qəbul etməsi şərti ilə sanksiyaların aradan qaldırılması ehtimalı mövcuddur”.
Mahmudlu Ləman