Danimarka və İsveç Ukraynaya dronlardan müdafiə üçün yardım göndərib

Bölmə: Dünya › ,
Tarix: 19:41 25.05.2025

İsveç və Danimarka Kiyevə, ehtimal ki, dronlara qarşı mübarizədə istifadə olunacaq balıqçılıq torlarına bənzər avandalıq göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" teleradio şirkəti məlumat yayıb.

 

Bildirilib ki, təkcə Danimarkanın göndərdiyi torların ümumi dəyəri təxminən 2,5 milyon avro təşkil edib. Torların böyük hissəsi Britaniya Şimal dənizində balıq ovuna məhdudiyyətlər tətbiq etdikdən sonra balıqçılara lazımsız qaldığı üçün təhvil verilib.

 

Daha əvvəl Ukrayna qəzeti "Kyiv Post" məlumat vermişdi ki, balıqçılıq torları dron hücumlarından müdafiə üçün istifadə edilə bilər. Səngərlər və blindajların girişləri üzərində əvvəlcədən çəkilmiş torlar, dronlardan atılan partlayıcı qurğuların düşməsini yavaşlatmağa kömək edə bilər ki, bu da onların detonasiya mexanizmini poza bilər.


Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Danimarkanın Ukraynaya hərbi dəstək üçün yardımı təxminən 8,5 milyard avro təşkil edib. 2022-ci ilin fevralından bəri İsveçin Kiyevə yardımının həcmi isə təxminən 8 milyard avro olub.