HƏMAS: ABŞ-ın Qəzzada atəşkəslə bağlı yeni təklif layihəsini təhvil aldıq

Tarix: 21:53 29.05.2025
Fələstinli Hərəkat, təqdim edilən sənədin hazırda məsuliyyətlə nəzərdən keçirildiyini bildirib
HƏMAS-ın yaydığı rəsmi açıqlamada bildirilib ki, ABŞ-ın Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı təqdim etdiyi yeni təklif layihəsi artıq Hərəkatın müvafiq bölmələri tərəfindən "məsuliyyət şüuru ilə" araşdırılır.
Açıqlamada qeyd olunub ki, HƏMAS-ın verəcəyi cavab, Qəzzadakı Fələstin xalqının maraqlarını qorumağa, humanitar yardımların bölgəyə çatdırılmasını təmin etməyə və uzunmüddətli atəşkəsin əldə olunmasına xidmət edəcək. Hərəkat bölgədə ədalətli və hərtərəfli həll yollarının müzakirəsinə açıq olduğunu da bəyan edib.
Yeni təşəbbüs sülh prosesində növbəti addım kimi qiymətləndirilir
Təklifin detalları açıqlanmasa da, ABŞ tərəfindən irəli sürülən bu yeni sənədin hazırkı atəşkəs danışıqları çərçivəsində atılmış mühüm bir addım olduğu qeyd olunur.
ABŞ danışıqlardan ümidlidir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff dünən Oval Ofisdə keçirilən tədbirdə çıxış edərək, Qəzzada atəşkəsə dair yeni təklif layihəsi üzərində işlədiklərini açıqlayıb.
Witkoff bildirib:
“Yaxın zamanda təqdim ediləcək yeni razılaşma layihəsini göndərmək üzrə olduğumuzu düşünürəm. Bu gün Prezident onu nəzərdən keçirəcək. Müvəqqəti atəşkəs və uzunmüddətli həllin əldə olunması, bu münaqişənin sülh yolu ilə sona çatdırılması baxımından çox ümidverici görünür”.
HƏMAS da öz açıqlamasında, ABŞ nümayəndəsi Witkoff ilə Qəzzada atəşkəs üçün ümumi çərçivə üzərində ilkin razılaşmanın əldə olunduğunu təsdiqləyib.
TRT Xəbər
Xəlilli Nigar