Fransa bunun üçün Rusiyanı məhv etməlidir - DE

Tarix: 21:58 29.05.2025
Fransa ABŞ əvəzinə Avropa üçün “nüvə çətiri” olmağa hazır deyil, çünki onun həm kifayət qədər nüvə raketləri, həm də müvafiq psixoloji hazırlığı yoxdur.
Bu barədə “Defense Ekspress” hərbi-analitik portalında yayımlanan məqalədə deyilir.
Qeyd edilir ki, Fransa Moskvanı məhv etməyə hazır olmalıdır ki, onun Avropa üzərindəki “nüvə çətiri” həqiqətən də real müdafiə formasına çevrilsin.
Analitiklər qeyd edirlər ki, SSRİ-nin dağılmasından və soyuq müharibə başa çatdıqdan sonra Fransa faktiki olaraq könüllü nüvə tərksilahı həyata keçirib. Məsələn, 1980-ci illərdə xüsusi olaraq nüvə silahı üçün yaradılmış "Hades" operativ-taktiki raket sisteminin istismardan çıxarılması bunun göstəricisidir.
Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az ”a açıqlamasında bildirib ki, Fransa baş verən son hadisələrdən ciddi narahatdır:
“Xüsusilə, Ukrayna savaşında Trampın yenidən səhnəyə çıxmasından sonra tərəflərdən əsas birinə çevrilən ölkə Amerikadır. Əslində, əvvəldən də bu belə olub. Sadəcə, indi nəzərlər savaşı bitirməyə qadir yeganə dövlət kimi daha çox Birləşmiş Ştatlara yönəlib. Fransa isə bununla barışmaq istəmir və özünü Avropanın əsas dövləti kimi təqdim etməyə çalışır. Amma bu, bir faktdır ki, Avropanın əsas supergücü ABŞ-dir. ABŞ eyni zamanda əsas nüvə başlıqlı raketlərə sahib iki ölkədən biridir. Bu səbəbdən, hər nə qədər gərginlik və soyuqluq yaşansa da, Avropa istər-istəməz arxalana biləcəyi yeganə dövlət kimi Amerikaya baxır. Rusiyanın qarşısında duruş gətirə, onunla rəqabət apara biləcək yeganə güc də Fransa yox, məhz Amerikadır”.
Siyasi şərhçi əlavə edib ki, Fransanın ümumilikdə, son illərdə bir çox sahədə olduğu kimi, nüvə siyasəti də zəifləyib:
“Amma istənilən halda, nüvə silahına malik olan və bu sahədə söz sahibi sayılan 10 ölkədən biridir. Bu baxımdan, əsas güclərdən biri sayılır. Sadəcə olaraq, ABŞ ilə rəqabət apara bilməz.
Moskvanı məhv etmək məsələsinə gəldikdə isə, Fransanın qarşısında duran qüvvə artıq ötən əsrin ortalarında məhv etdiyi Əlcəzair deyil. Bu gün qarşısında dünyanın ən böyük nüvə arsenalına sahib olan Rusiya dayanır. Hal-hazırda Ukrayna cəbhəsində 55 NATO ölkəsinə və bütövlükdə bütün dünyaya qarşı savaşan bir Rusiyadan söhbət gedir.
Fransa ümumiyyətlə, təkbaşına Rusiya ilə döyüşəcək, onu sıradan çıxaracaq gücə sahib deyil. Bu bəyanatlarla sadəcə Ukraynaya ümid vermək niyyətindədir. Fikrimcə, buna da nail olması çətindir. Çünki nə qədər acı olsa da, Ukrayna savaşı hazırda Rusiyanın xeyrinə bitməyə doğru gedir.
Bu prosesi dayandırmağa isə Fransa qadir deyil. Üstəlik, ortada Trampın gəlişindən sonra formalaşan yeni Ukrayna siyasəti də var”.
Mahmudlu Ləman