Bakı-Pekin əlaqələrində yeni mərhələ

Tarix: 15:41 30.05.2025
Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə səfəri, həmçinin bu ölkənin Sədri Si Szinpinin iştirakı ilə bir sıra sənədlərin imzalanması Bakı və Pekin münasibətlərində yeni tarixi səhifə açır.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan–Çin münasibətləri hər iki dövlət üçün də vacibdir:
“Azərbaycan və Çin arasında münasibətlər əsasən hərbi-siyasi əsaslar üzərində qurulur. Bu da Azərbaycan üçün çox vacibdir. Çin bazarı istər ticarət, istər silah-sursat, istər siyasi əlaqələr, istərsə də təbliğat baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Ona görə də xüsusilə indiki məqamda Azərbaycan–Çin münasibətlərinin yeni səhifəsinin açılması çox önəmlidir. Avropa–Azərbaycan münasibətlərinin gərginləşdiyi bir dövrdə, Hindistanın Ermənistanın yanında yer alması və s. hallar Azərbaycanı yeni və güclü müttəfiq axtarışına vadar edib və Çindən yaxşı müttəfiq tapmaq çətindir. Buna görə də Azərbaycan–Çin əlaqələrini müsbət qiymətləndirirəm və inanmaq istəyirəm ki, bu münasibətlər dərinləşəcək və daha yüksək səviyyəyə çatacaq. Əsasən hərbi sahədə bu inkişafı gözləyirəm. Azərbaycan üçün bu, çox vacibdir və Çin üçün də Azərbaycan önəmli ölkədir. Çin bütün dünyada ekspansiyaya çalışır. Belə demək olar ki, bu, “soft power” – yəni yumşaq gücdür. Rusiyadan fərqli olaraq, Çin heç bir hərbi münaqişədə iştirak etmir. Məsələn, qonşu ölkələrə təcavüz etmir, min kilometrlərlə uzaqda yerləşən ölkələrə hərbi qüvvələr göndərmir. Çin yumşaq güc vasitəsilə dünyada öz maraqlarını qorumağa və nüfuzunu genişləndirməyə çalışır. Buna görə də bu münasibətlər hər iki tərəf üçün sərfəlidir və bu əlaqələrin həm Azərbaycan, həm də Çin üçün vacib olduğunu düşünürəm".
Lalə Qurbanlı