Netanyahu: İsrail Witkoffun atəşkəs planını qəbul edib

Tarix: 15:33 30.05.2025
İsrail Baş naziri Benyamin Netanyahu Qəzzadakı girovların ailələrinə məlumat verib ki, İsrail ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Witkoff tərəfindən irəli sürülən yeni atəşkəs təklifini qəbul edib. Bu barədə İsrail mediası geniş məlumat yayıb.
“İsrail yeni Witkoff planını qəbul edir”, – deyə Netanyahu bəyan edib. Onun sözləri Baş nazirin ofisi tərəfindən təsdiqlənib.
Həmas isə təklifin vasitəçilər vasitəsilə onlara çatdırıldığını və hazırda planın məzmununu nəzərdən keçirdiklərini açıqlayıb. Təklif həm atəşkəsi, həm də əsir mübadiləsini əhatə edir.
Həftənin əvvəlində Witkoff bildirib ki, döyüşləri dayandıracaq və Qəzzada saxlanılan girovların geri qaytarılmasına imkan yaradacaq bir razılaşmanın əldə olunacağına ümidlidir.
ABŞ rəsmisi Leavitt də jurnalistlərə açıqlamasında “Bu müzakirələrin davam etdiyini təsdiqləyə bilərəm və ümid edirik ki, Qəzzada atəşkəs baş tutacaq və bütün girovları evlərinə qaytara biləcəyik”, – deyə qeyd edib.
Bu plan münaqişə başladıqdan bəri irəli sürülən ən ciddi diplomatik təşəbbüslərdən biri hesab olunur. Həm İsrail, həm də Həmas daxilində ictimai təzyiqlər və beynəlxalq vasitəçilərin çağırışları ilə prosesə təkan verilir.
ANEWZ
Gülhüseynova Güllər