Avropa bürokratiyası ədalət və qanunun aliliyinə məhəl qoymur-İrakli Kobaxidze

Tarix: 12:37 31.05.2025
Avropa bürokratiyası ədalət və qanunun aliliyinə məhəl qoymur.
"İnformator.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının müxalifət siyasətçi Nika Meliyanın saxlanılması ilə bağlı mövqeyinə münasibət bildirərkən jurnalistlərə deyib.
O, Avropa bürokratiyasını ikili standartlarda ittiham edib:
"Bu, Avropada mövcud olan çox ciddi hüquqi böhranın əlamətidir. Əgər Avropa bürokratiyasına təsir edən “dərin dövlət”in rolu azaldılmasa, mövcud böhrandan çıxış mümkün olmayacaq. Bu, Avropa İttifaqının qaydalara əsaslanan sistem kimi inkişafı üçün həyati əhəmiyyət daşıyır və qurumun gələcəyi üçün olduqca vacibdir".
İ.Kobaxidze bildirib ki, Nika Melia qanun qarşısında cavab verməkdən boyun qaçırdığı üçün inzibati qaydada saxlanılıb:
"Müxalif siyasətçi parlamentin istintaq komissiyasına hörmət göstərməyib və qanunlara əməl etməyib. Qanunu pozan hər kəs məsuliyyətə cəlb olunacaq. Gürcüstanda hüquqi dövlət qurulur və hər kəs qanunun aliliyinə hörmət etməlidir”.