Azərbaycan humanist addım atıb

Tarix: 17:46 31.05.2025
2025-ci il mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fransız küçə rəssamı Théo Clerc azadlığa buraxılıb. Xatırladaq ki, Clerc 2024-cü ilin mart ayında Bakı metrosunun divarına qrafiti çəkdiyinə görə “xuliqanlıq” maddəsi ilə 3 il həbs cəzası almışdı. Onun həbsi dövründə Fransa rəsmiləri tərəfindən ciddi diplomatik səylər göstərilmiş, cəzanın sərtliyi “ayrı-seçkilik” kimi qiymətləndirilmişdi. 14 ay (422 gün) həbsdə qaldıqdan sonra azadlığa çıxan rəssamın əfvi Fransada geniş rezonans doğurub.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “informator.az”a açıqlamasında bildirdi ki, bu qərar humanitar səbəblərlə verilmiş addımdır və Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcək:
“Bu əfv fərmanı, əslində, siyasi qərardan daha çox humanitar məsələdir. Bunu sırf siyasi məqsədlərlə izah etmək düzgün olmaz. Bu, Azərbaycanın humanist dövlət olduğunu göstərir. Hətta belə bir cinayət törətmiş şəxsin belə əfv olunması beynəlxalq ictimaiyyət qarşısında müsbət rəy formalaşdırır. Təbii ki, bu, ağır cinayət deyildi, lakin istənilən halda qanun pozuntusu idi. Bu baxımdan dövlətin bağışlama addımı, onun humanist yanaşmasından irəli gəlir”.
Politoloq əlavə edib ki, bu qərar beynəlxalq diplomatiya sahəsində də Azərbaycan üçün əlavə fürsətlər yarada bilər:
“Bu cür qərarlar ölkəmizin beynəlxalq münasibətlərindəki yumşaq gücünü nümayiş etdirir. Fransa ilə münasibətlərin normallaşması baxımından da vacib bir addımdır. Eyni zamanda, bu, Azərbaycanın qanuna riayət edən xarici vətəndaşlara açıq və tolerant münasibət göstərdiyini nümayiş etdirir”.
Samir Hümbətov onu da vurğulayıb ki, bu vəziyyət Azərbaycanın turizm sektoruna da müsbət təsir göstərə bilər:
“Bu qərar, əslində, xarici turistlər üçün də bir mesajdır – əgər qanunlara riayət olunarsa, Azərbaycanda təhlükəsiz və rahat şəkildə səfər etmək mümkündür. Azərbaycan dövləti qanun pozuntularına qarşı sərt olsa da, eyni zamanda humanist davranmağı da bacarır. Bu isə ölkəmizin imici üçün çox müsbət bir haldır”.
Solmaz Muradova