Şimali İrlandiyada maskalı iğtişaşçılarla polis toqquşub

Bölmə: Dünya › ,
Tarix: 17:02 11.06.2025

 

Şimali İrlandiyanın Ballymena şəhərində ikinci gecədir ki, iğtişaşlar davam edir. Yüzlərlə maskalı şəxs polis qüvvələri ilə toqquşub, evlərə və avtomobillərə od vurub. Hadisələr yeniyetmə bir qıza qarşı edilən guya zorakılıq hadisəsi ilə bağlı keçirilən etiraz aksiyalarından sonra baş verib.

 

İddialara görə, 14 yaşlı iki oğlan tərəfindən zorakılığa məruz qaldığı deyilən qızın məsələsi ictimai narazılığa səbəb olub. Sözügedən yeniyetmələr məhkəmə qarşısına çıxarılıb, ittihamları rədd ediblər və iyulun 2-dək həbsdə saxlanılmalarına qərar verilib.

 

Bazar ertəsi günündən bəri baş verən iğtişaşlar nəticəsində 32 polis əməkdaşı xəsarət alıb, təkcə çərşənbə axşamı günü 17 polis yaralanıb. Həmin gün dörd evdə baş verən yanğınlar isə irqi motivli nifrət cinayətləri kimi araşdırılır.

 

Artan gərginlik fonunda bəzi azlıq nümayəndələri evlərinə Britaniya və digər ölkələrin bayraqlarını asaraq hədəfə çevrilməməyə çalışıblar. Son olaylarla bağlı beş nəfər iğtişaş törətməkdə şübhəli bilinərək saxlanılıb.

 

Polis vəziyyəti nəzarət altına almaq üçün zirehli maşınlardan, su şırnaqlarından və qeyri-öldürücü silahlardan istifadə edib. Aksiyaçılar tərəfindən polisə benzin bombaları, daşlar və digər əşyalar atılıb. Bir ev tamamilə yanaraq külə dönüb, bir neçə avtomobil, o cümlədən çevrilmiş bir maşın da yandırılıb. Şəhərdə polis siqnalları gecə saatlarınadək eşidilib.

 

Eyni zamanda, Belfast, Newtownabbey və Carrickfergus kimi digər şəhərlərdə də etirazlar müşahidə olunub. Bu bölgələrdə də polisə müxtəlif əşyalar atılıb və yollar bağlanıb.

 

Böyük Britaniya hökuməti və yerli rəsmilər baş verən iğtişaşları qətiyyətlə pisləyiblər. Şimali İrlandiya üzrə nazir Hilari Benn bəyan edib ki, bu cür zorakı hadisələr bölgədə yolverilməzdir və “burada onlara yer yoxdur”.

 

ANEWZ

Gülhüseynova Güllər