Türkiyə İndoneziyaya 48 ədəd KAAN qırıcı təyyarəsi təhvil verəcək

Bölmə: Dünya › ,
Tarix: 21:50 11.06.2025

Türkiyə və İndoneziya arasında imzalanmış razılaşmaya əsasən, Cakartaya Türkiyə istehsalı olan 48 ədəd KAAN döyüş təyyarəsi göndəriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında məlumat verib.

 

“Qardaş və dost İndoneziya ilə imzaladığımız müqavilə çərçivəsində 48 ədəd yerli döyüş təyyarəsi KAAN Türkiyədə istehsal olunaraq İndoneziyaya ixrac ediləcək”, – deyə Türkiyə lideri bildirib.

 

Dövlət başçısı KAAN təyyarəsinin istehsalına və Türkiyə tarixində ən iri ixrac müqaviləsinin imzalanmasına töhfə verən qurumları təbrik edib. O, xüsusilə Prezident Administrasiyasına tabe Müdafiə Sənayesi İdarəsinin və Türkiyə Aerokosmik Sənaye Şirkətinin (TUSAŞ) rolunu vurğulayıb.

 

Prezident Ərdoğan həmçinin İndoneziya Prezidenti Prabovo Subiantoya müqavilənin imzalanmasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

 

O qeyd edib ki, İndoneziya ilə imzalanan qarşılıqlı faydalı bu razılaşma, Türkiyənin müdafiə sənayesinin hansı səviyyəyə çatdığını nümayiş etdirir.

 

Siyasətçi Türkiyənin müdafiə şirkətlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və hökumətin ölkənin müdafiə sektorunun gücləndirilməsi istiqamətində dəstəyi davam etdirəcəyini bəyan edib.

 

KAAN — Türkiyə Aerokosmik Sənaye Şirkəti-nin (TUSAŞ) hazırladığı beşinci nəsil qırıcı təyyarədir.

 

KAAN 2024-cü ildə ilk uçuşunu uğurla həyata keçirib; uçuş zamanı təyyarə 8000 fut (təxminən 2400 metr) hündürlüyə qalxıb və 230 dəniz mili (təxminən 426 km/saat) sürətə çatıb.

KAAN layihəsinin yaradılmasına 2016-cı ildə başlanılıb. Təyyarənin prototipi 2023-cü ilin mart ayında təqdim edilib.

 

Bu layihə ilə Türkiyə, bu tip təyyarələri istehsal etmək texnologiyasına malik azsaylı ölkələr sırasına daxil olub.

 

Anadolu Agency

Ayan Əsgərova