Tramp, İranla nüvə sazişinə nail olunacağına əvvəlkindən daha az inanır

Tarix: 21:53 11.06.2025
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla nüvə sazişinə nail olunması məsələsində bir neçə ay əvvəllə müqayisədə daha az əmindir.
Bu fikirləri o, “New York Post” qəzetinə verdiyi müsahibədə gündəmdə olan aktual məsələləri şərh edərkən bildirib.
Tramp qeyd edib ki, ABŞ-nin israrlı şəkildə İranda uranın zənginləşdirilməsi işlərinin tamamilə dayandırılmasını tələb etməsi səbəbindən bir müddət dayandırılmış danışıqların 15 iyun tarixində Oman şəhərində yenidən başlanacağı açıqlanıb. Bununla bağlı danışan Tramp bildirib ki, Tehran “görünür, nüvə razılaşmasını uzadır”.
Onun sözlərinə görə, İran tərəfi əvvəlki qədər razılaşma əldə etmək həvəsi göstərmir: “Onlarla nəsə baş verib. Bilmirəm, nə”.
İranın uranı zənginləşdirməkdən imtina edəcəyinə şübhə etdiyini bildirən Tramp əlavə edib: “Bir neçə ay əvvəllə müqayisədə daha az əminəm”.
O, “İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək”, – deyərək, əgər razılaşma əldə olunmasa belə, bu vəziyyətin dəyişməyəcəyini vurğulayıb. Tramp qeyd edib: “Amma bunu müharibəsiz, insan itkisi olmadan etmək daha yaxşı olardı”.
İran tərəfinin sazişə nail olunmasında əvvəlki qədər maraqlı olmadığını bir daha vurğulayan Tramp deyib: “Düşünürəm ki, onlar səhv edəcəklər. Gözləyək, görək”.
Prezident Tramp, həmçinin, Çin tərəfinin İranın sazişə razılıq vermək istəməməsində hər hansı rolunun olduğunu iddia edən fikirləri rədd edib.
Anadolu Agency
Ayan Əsgərova