"ABŞ olmadan Ukraynanın müqaviməti zəifləyəcək"
.jpg)
Tarix: 11:59 04.07.2025
“ABŞ Ukraynaya silah tədarükünü davam etdirir, eyni zamanda öz ehtiyatlarını da nəzərə almalıdır”.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Ukraynaya silah tədarükünün niyə dayandırıldığı ilə bağlı sualı cavablandıran Tramp bildirib: “Biz dayandırmamışıq. Silahla təmin edirik və artıq çoxlu tədarük etmişik. Onlarla əməkdaşlıq edirik, kömək etməyə çalışırıq, lakin tədarükü dayandırmamışıq”.
Eyni zamanda Tramp keçmiş Prezident Co Baydenin administrasiyasını tənqid edərək onu ABŞ-dən həddindən artıq silah çıxarmaqda ittiham edib: “Biz özümüz üçün də kifayət qədər silahımızın olduğuna əmin olmalıyıq”.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, əslinə qalsa, Tramp administrasiyasının təqdim etdiyi büdcə layihəsində Ukraynaya hərbi dəstək nəzərdə tutulmayıb:
“Tramp bu gün ‘ABŞ Ukraynaya silah tədarük edir’ desə də, əvvəllər qeyd etmişdi ki, bu, Co Bayden administrasiyası dövründə qəbul edilmiş qərarlara və ABŞ-nin üzərinə götürdüyü öhdəliklərə əsaslanır. Yəni, hazırda Ukraynaya silah tədarükü Bayden dönəmində verilmiş qərarların davamıdır. Tramp özü də bu məsələni açıq şəkildə etiraf edib.
Lakin eyni zamanda aydındır ki, Tramp administrasiyası Ukraynaya hərbi dəstək barədə yeni qərar qəbul etməyib. Bu isə onu deməyə əsas verir ki, administrasiya mövcud hərbi dəstəyin davam etdirilməsində maraqlı deyil və bu siyasət faktiki olaraq dayandırılıb.
Ukraynanın əsas hərbi və texniki dəstəkçisi ABŞ olub. Xüsusilə də Co Bayden administrasiyası Ukraynanı silah-sursat və müasir texnika ilə təmin edirdi. Bu baxımdan ABŞ-nin dəstəyi olmadan Ukraynanın mövqeyi daha da zəifləyəcək. Düzdür, həm Ukrayna, həm də Qərb mediası informasiya məkanında fərqli mənzərə yaratmağa çalışır, lakin reallıq ondan ibarətdir ki, Rusiya ordusu hələ də Ukrayna ərazisindədir. Bu fon şəraitində Ukraynanın hansısa müsbət irəliləyişinə dair gözləntilər əsassız görünür. ABŞ də bu vəziyyəti aydın şəkildə dərk edir.
Fevral ayında keçirilmiş Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Devid Vens bildirib ki, Ukrayna əvvəlki sərhədlərinə qayıdacağını düşünməməlidir və bu, reallıqdan uzaq məqsəd kimi qiymətləndirilib. NATO-nun Baş katibi də oxşar mövqedən çıxış edib. Böyük Britaniyanın yeni baş naziri Kir Starmer isə açıq şəkildə bildirib ki, ABŞ-siz Ukraynaya ciddi təhlükəsizlik təminatları vermək mümkün olmayacaq.
Bütün bu faktlar fonunda Avropa ölkələrinin Ukraynaya müstəqil şəkildə ciddi dəstək göstərmək iqtidarında olmadığı aydın görünür. Qitədə daha koordinasiyalı addımlar atılmağa çalışılsa da, onların nəticələri gözlənilən səviyyədə olmayacaq.
ABŞ-nin bir tərəfdən sülh təşəbbüsləri irəli sürməsi, digər tərəfdən isə Ukraynaya dəstəyi davam etdirməsi də məhz Co Bayden dövründə qəbul olunmuş qərarlarla bağlıdır. Tramp isə, daxildəki demokratların təzyiqlərinə baxmayaraq, Ukraynaya yeni və ciddi hərbi dəstək göstərmək niyyətində deyil. Məsələn, “Tomahawk” raketlərinin Ukraynaya verilməsi artıq tamamilə dayandırılıb. Bu isə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin ciddi şəkildə zəifləməsinə səbəb olacaq. Nəticədə, Rusiya qarşısında dayanıqlı müdafiə imkanı da məhdudlaşır”.
Politoloq əlavə edib ki, son günlər Tramp və Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub:
“Bu, iki lider arasında sayca beşinci birbaşa təmas idi. Putin danışıq zamanı açıq şəkildə öz mövqeyində qalacağını bildirib. Tramp isə bu məsələ ilə bağlı hələlik konkret mövqe açıqlamayıb. Bu baxımdan hazırkı proseslərin Ukraynanın xeyrinə olduğunu söyləmək mümkün deyil. Tramp hər nə qədər müharibənin tezliklə dayandırılacağına dair vədlər versə də, hələlik bu istiqamətdə ciddi nəticələr yoxdur. Görünən odur ki, onun üçün prioritet daha böyük geosiyasi məsələlərdir.
Eyni zamanda Tramp administrasiyası Rusiya ilə əlaqələrin qorunub saxlanmasına və dialoq mühitinin möhkəmləndirilməsinə üstünlük verir. Son dövrlərdəki təmaslar, telefon danışıqları və yüksək səviyyəli görüşlər də bunu təsdiqləyir. Bu kontekstdə əgər atəşkəs əldə olunacaqsa, böyük ehtimalla bu, Rusiyanın şərtləri əsasında reallaşacaq.
Sonda onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası ABŞ-nin proseslərdəki rolunu minimuma endirmək və gələcək nəticələrə görə məsuliyyəti öz üzərindən atmaq istəyir. Bu isə o deməkdir ki, meydanda Ukrayna və Avropa İttifaqı qalacaq. Lakin ABŞ-siz şəraitdə onların təsirli addım atmaq imkanları çox məhdud görünür".
Aytən Ağazadə