İnformasiya ilə manipulyasiya dövrün reallığıdır

Bölmə: MEDİA › ,
Tarix: 16:16 27.02.2015

VÜQAR ZİFƏROĞLU, MEDİA EKSPERTİ

Jurnalistika ictimai rəyə birbaşa təsir etmək gücündə olan ictimai-sosial institutdur və heç zaman bu institutun vəzifəsini öz üzərindən ata bilməz. Jurnalistika yalnız xəbər verməklə məhdudlaşmır, jurnalistikada həm də araşdırma, təhlil var.


- Azərbaycan mediasında informasiya təhlükəsizliyi nə dərəcədə qorunur?

- İnformasiya təhlükəsizliyi elə bir anlayışdır ki, təkcə Azərbaycanda deyil, dünya mediasında da qorunub-qorunmaması müzakirə obyektidir. Çünki informasiya təhlükəsizliyi geniş bir məfhumdur, burda biz yalnız medianın təhlükəsizliyindən və ya informasiya mübadiləsində riayət edilməli olan təhlükəsizlik prinsiplərindən danışmırıq, eyni zamanda artıq internet təhlükəsizliyi, kiberhücumlar, kibermüharibələr nəzərdən keçirilməlidir. Nəzərə alsaq ki,  XXI əsrdə yaşayırıq, informasiya texnologiyaları yüksək səviyyədə inkişaf edib və bütün bunlar hamısı medianın inkişafına böyük şərait yaradır. İnformasiya təhlükəsizliyi Azərbaycan üçün çox aktual mövzudur. Azərbaycan 20% torpaqları işğal altında olan bir dövlətdir. Qonşu dövlətlər, məsələn, Rusiya ilə İran və Ermənistan ilə münasibətlər də nəzərə alınmalıdır. Qonşu dövlətlərlə münasibətdə hər zaman biz diplomatik və ehtiyatlılıq prinsipərinə riayət etmək məcburiyyətində qalmışıq. Belə bir məqamda da informasiya məkanımızın təhlükəsizliyini pozmaq istəyən qüvvələr də təbii ki, çox olur. Coğrafi şəraitimizə görə, əhəmiyyətimizə görə informasiya təhlükəsizliyi anlayışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu anlamda diqqətli olmalıyıq, ən azı müharibə şəraitində olan bir ölkə kimi.

- İnformasiya müharibəsi necə və hansı şəraitdə aparılır?

- İnformasiya müharibəsinin aparılması modelləri çoxdur və məqsəd hər hansı bir ölkənin informasiya məkanına müdaxilə etməkdir. Lazım olan informasiyanı həmin informasiya məkanında prioritet istiqamətə yönəltməkdir. Biz Ermənistanla informasiya müharibəsinin aparılmasının şahidi oluruq. Eyni zamanda Azərbaycan internet mediasına İrandan, Rusiyadan müəyyən təsirlər var. Saytlarda informasiya siyasətindən, məlumatın hansı istiqamətdə yayımlanmasından, təqdimatından bunu hisss etmək mümkündür. Tutaq ki, Suriya ilə bağlı hər hansı bir informasiya Türkiyə mediasında bir cür, Rusiyada və İranda başqa cür təqdim edilir. Biz faktın özünün təqdimatında prinsipial fərqlər görürük. Bu həmin ölkələrin baş verən fakta yanaşmalarındakı fərqlərlə əlaqədardır. Bu fərqləri isə maraqlar müəyyənləşdirir. Belə şeylərin mahiyyətinə varmalıyıq ki, ağı-qaradan seçək.

- Sizcə, onlayn mediada jurnalistlərin obyektivliyi necə qorunur?  

- Obyektivliyi tam mənasıyla gözləmək olmur. 2003-cü ildə Beynəlxalq Jurnalistlər Federasiyasının Seulda bir konfransı oldu. Konfrans həsr olundu Qlobal İnformasiya məkanında media manipulyasiyası və media üzərində nəzarət probleminə. Media nə dərəcədə azaddır? Media nə dərəcədə müstəqildir? Konfransda BMT-nin nümayəndələri də iştirak edirdi. Bu konfransda BJF özü bir deklorasiya qəbul elədi və həmin deklorasiyada birmənalı şəkildə qeyd olundu ki, sözə nəzarətin 75%-i  9 iri şirkətin əlindədir. 9 şirkət necə istəyirsə, informasiyanı da elə yönəldir və burda bütün dünyanın qlobal informasiya məkanından söhbət gedir. Yəni, bu anlamda “informasiya ilə manipulyasiyaya biz, məsələn, İran mətbuatında rast gəlirik, amma bu, ABŞ mətbuatı üçün xarakterik deyil”, - deyə bilmərik. Ümumiyyətlə, jurnalistika ictimai rəyə birbaşa təsir etmək gücündə olan ictimai-sosial institutdur və heç zaman bu institutun vəzifəsini öz üzərindən ata bilməz. Jurnalistika yalnızca xəbər verməklə məhdudlaşmır, jurnalistikada həm də araşdırma, təhlil var. Rəhmətlik Zərdabinin çox gözəl bir sözü var: "Hər bir mətbuat öz cəmiyyətinin aynasıdır".

BDU, JURNALİSTİKA FAKÜLTƏSİ 2-Cİ KURS TƏLƏBƏLƏRİ Gülnar Oktaylı, İlkin Məmmədov