Tort almağa getdi, qayıdanda evinin yandığını gördü
Bölmə: Hadisə › ,Tarix: 16:36 25.07.2023
Həyat yoldaşının ad günü münasibətilə tort almağa gedən iş adamının evində yanğın olub.
İnformator.az xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən sahibkar Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğın zamanı evin həyətində olan “Mersedes” markalı mikroavtobus və Vaz 2105 markalı iki avtomobil də yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının miqyası ümümilikdə 400 kvadrat metr sahəni əhatə edib. Daha sonra yanğın qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib. Bundan əlavə digər qonşuların da pəncərələri sınıb. Faktla bağlı araşdırma aparılır.
Ev sahibi Sürəyya İsmayılovanın sözlərinə görə, evdən çıxdıqları 10 dəqiqə deyilmiş. Yoldaşının ad günü olduğundan tort alıb geri dönəcəklərmiş. Yolda onlara zəng olunub ki, eviniz yanır. “Evdəkilər deyir ki, ikinci mərtəbədən başladığına görə, işıqdan ola bilər. İki dənə avtomobilimiz yanıb. Evdən heç nə çıxara bilməmişik”.
Yanan digər evin sahibi Eltəkin Əlizadə isə Qazaxda işdə olduğu zaman xəbəri aldığını deyir. “Qonşu evdə olmayıb. Qonşunun evi yanıb bizə keçib. Hər şey yararsız vəziyyətə düşüb”.