"Müharibə dayanmasa dünya müharibəsinə çevriləcək"-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:48 30.05.2024

Ərdoğan İsraillə bağlı: "İslam dünyasına deyəcək sözüm var, ortaq qərar üçün nəyi gözləyirik?"

 

Ərdoğanın bu sözlərinə münasibət bildirən siyasi şərhçi Tural İrfan "infarmator.az"a açıqlamsında bildirib ki, İsrail məsələsi tam gərgin vəziyyətə gəlib çıxıb:


"Bu problem İslam dünyasını nəinki birləşdirir, əksinə ayrılığına sabəb olur. Fələstin dövlətinin yaradılması zəruridir. Onun üçün düzdür nə İsrail xalqı, nə də Fələstin xalqı hazırdır. Hazırda yalnız düşmənçilik hökm sürür və qan dayanmır.Cənab Rəcəb Tayyib Ərdoğanın bu çağırışı istər İsrailə qarşı böyük müharibə, istərsə də Fələstin dövlətinin yaranması üçün ciddi addımlar atmaq baxımından ola bilər. Çünki bu savaş sıradan müharibə deyil. Bu problem, torpaq davasından yana fərqli dinlərin və iki millətin üz-üzə gəlməsidir. İlin sonuna qədər bu müharibə dayanmasa dünya müharibəsinə çevriləcək, bu şübhəsizdir. Çünki səbrlər tamamilə gərilib, Fələstin əhalisinin ölüm miqyası az qala soyqırımı həddinə çatır".

 


Ekspert əlavə edib ki, İslam ümmətinin, müsəlman ölkələrinin həmrəyliyi aqressiyaya və torpaq işğalına yox, sülhə və Fələstin dövlətinin yaranmasına xidmət edə bilər:

 


"Cənab Ərdoğanın ciddi lider kimi bu çağırışı çox önəmlidir. O, əks halda yaranacaq daha böyük problemləri nəzərə alır və artıq dünya müharibəsinə doğru meyllərin olduğunu sezir.


Bu birliyin, ortaq qərar qəbul etmənin heç kəsə qarşı aqressiya niyyəti daşımadığı üçün Azərbaycanın da bu qərarın qəbulunda iştirak etməsi İsraillə olan münasibətlərə xələl gətirəcəyi düşünülə bilməz. Onsuz da Azərbaycan Fələstinin ərazi bütövlüyünü, Fələstin dövlətinin yaranmasını, BMT-nin qətnaməsini dəstəkləyir. İsrail də düşünməlidir ki, Fələstin problemi davam etdikcə onun müsəlman ölkələri ilə münasibətləri mövsümi xarakter daşıyacaq. Müharibə ara verdiyi zaman münasibətlər normallaşacaq, müharibə qızışdığı zaman isə soyuyacaq, hətta kəskin həddə gələcək. Səudiyyə Ərəbistanı, Misir, Ərəb Əmirlikləri və digər ölkələr ilə İsrailin münasibətləri normallaşırdı, ancaq son müharibə meydana gəldikdə bu münasibətlər dəyişdi. Ona görə bu problemin həllində İsrail də maraqlı olmalıdır. Dünyada super güclərin güc balansı dəyişəcək. Ola bilsin gələcəkdə ABŞ-ın yerini Çin tutdu. Bu zaman İsrail - Fələstin - ərəb - müsəlman münasibətləri indikinin tam əksini meydana gətirə bilər və o da 70 il davam edə bilər. Fələstin onsuz da demək olar ki, tam məhv olmaq üzrədir. Ancaq bu gələcəkdə İsrailin başına bəla gətirə bilər".


Tural İrfan əlavə edib ki, müsəlman dövlətlərini hazırda pərən - pərən olan, yatan şirlərə bənzətmək olar:

 


"Ərdoğan Türkiyə, Pakistan, Əfqanıstan, Misir, İran, Yəmən kimi dövlətlərin ortaq mövqeyinə nail ola bilsə problemin tam həllinə nail olmaq olar. Azərbaycan Türkiyə ilə müttəfiqdir, lakin xarici siyasət məsələləri də daxil olmaqla tam müstəqil siyasət yürüdür. Ancaq Fələstin - İsrail mövzusunda qəbul ediləcək qərarlar da şübhəsiz ki, ölçülüb - biçiləcək. Baxır o ortaq qərar hansı mövzuda, hansı işlərin görülməsi barədə qəbul edilir.


Əgər Ərdoğan bu ortaq qərarın qəbul edilməsinə nail olsa, İsrail - Türkiyə münasibətləri kəskinləşə bilər, hətta müharibə həddinə çata bilər. Əgər Müəmmar Qəddafi, Səddam Hüseyn sağ olsa idi, şübhəsiz ki, hazırda böyük müharibə başlayıb. Ancaq hazırda ərəb ölkələrindəki liderlər məsələyə o qədər də ciddi yanaşmır.


Problemin həlli həddən çox uzandığı üçün, əsasən də son müharibə bütün ümidləri, sülh gümanlarını suya düşürdü. İndən belə lap Fələstin dövləti qurulsa belə savaş və münaqişə heç zaman durmayacaq. Bunu da məhz İsrail bildiyi üçün əsla, nəyin bahasına olursa olsun imkan vermək istəmir ki, BMT qətnaməsinə uyğun olaraq Fələstin dövləti yaransın.


Cənab Ərdoğanın çağırışına müsəlman ölkələri səs verməli, nə qədər ki, böyük müharibə başlamayıb ortaq qərar qəbul etməlidirlər".

 

Aləmzər İbrahimova