Ukrayna üçün təhlükəli seçim-Razılaşmaq ya da…

Tarix: 11:28 26.02.2025
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa İttifaqının mövqeləri fərqlidir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib. Onun sözlərinə görə, ABŞ müharibəni dayandırmaqda israrlı və maraqlı görünür:
“Buna görə də Vaşinqton hər iki tərəfə, xüsusilə də Ukraynaya təzyiq göstərməkdən çəkinməyəcək. Avropa İttifaqı isə Kiyevin maraqlarını qurban verməməyə çalışır. Bu, əslində, Ukraynaya görə deyil. Xüsusilə Avropanın bəzi ölkələri başa düşür ki, Rusiya-Ukrayna müharibəsində Moskva qalib gəlsə, bu, təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq”.
Kənan Novruzovun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın bu məsələdə mövqeləri üst-üstə düşmür:
“Bu baxımdan ABŞ, Avropa İttifaqının danışıqlar masasında olmasını istəmir. Ukrayna isə artıq başa düşüb ki, onun rolu böyük şahmat taxtasındakı piyadadan ibarətdir”.
Şərhçi sonda əlavə edir ki, Donald Trump üçün də Ukraynanın bu prosesdə iştirakı çətinlik yaradır:
“Ona görə də tam təcrid siyasəti yürütməyə və Rusiya ilə razılığa gəlməyə çalışır. Nəticədə, Ukraynaya müəyyən şərtlərlə razılaşmaq təklif ediləcək. Əks halda isə ya təzyiqlə, ya sui-qəsdlə, ya da hakimiyyətdən uzaqlaşdırılmaqla, Rusiya-Ukrayna müharibəsi layihəsi yekunlaşacaq”.
Nuray Qurbanova