Qanlı izlərlə intiqama doğru

Bölmə: Sosial › ,
Tarix: 08:14 26.02.2025

Azərbaycan xalqının tarixdəki qanlı izləri bugünkü intiqamın alınmasında əsas təməl idi. Həmin qanlı izlər özündə faciəvi tarixi daşıyır. O tarix 26 fevraldır...

1992-ci il 26 fevral Azərbaycan xalqında unudulmayacaq bir yara açdı. Həmin gün neçə həyatlar yarım qaldı, nə qədər vəhşiliklər törədildi, neçə körpə ata-anasız qaldı, neçəsi də soyuqdan titrəyərək həyata göz yumdu. Məhz elə o gün neçə çərçivələr sındı və şəkillər o gündən çərçivədə canlandı. Şəkillər dərin mənaları təcəssüm etdirirdi: uşaqların dodağındakı saf gülüşləri, ailələrin xoşbəxtliyi, Xocalıda şəhid olmuş insanların həyata ümid dolu baxışı... Bütün bu duyğular yarım qaldı. Şəkildəki insanlar indi hərəsi bir şəhiddir. Onların ruhu mənəvi olaraq yaşamağa davam edir. Zamanla  ədalət, azadlıq, milli birlik, tarix, güc, intiqam, haqq yolunu təsvir edən hər bir şəkil sındırılmış çərçivədə parladı. Şəkillər xalqı qanlı izlərin yolu ilə intiqama doğru səslədi.
25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri və Rusiyanın iştirakı ilə Xocalı şəhəri işğal edildi, xalqımıza car çəkildi. Həmin gecə dəhşətli səslər Xocalının hər bir yanını bürüdü: silah səsləri, körpə qışqırtısı, anaların fəryadı, qocaların qanlı gözyaşları... Soyqırımın ilk günündən Xocalı şəhəri qanlı gölməçəyə dönüşdü. Bunlar acı həqiqətdir. Rus və ermənilər Azərbaycan xalqının ürəyinə bir dağ çəkdi. Hansı ki, biz hələ də ürəyimizdə o ağrını hiss edirik. Azərbaycan xalqı çətin gündə bir olub, əl-ələ silahlı düşmənlərə müqavimət göstərdi. Əliboş xalqımıza silah çəkən erməni və ruslardan bir an belə qorxmayan Xocalılar vətən uğrunda özlərini sipər etdilər. "Vətən sağ olsun!" deyib torpaqları uğrunda şəhid oldular. Kimisi tanklar altında qaldı, kimisi amansızlıqla qətlə yetiridi, kimisi də əsir düşməmək üçün özünü öldürdü. Amma yenə də azadlıq uğrunda mübarizəmiz dayanmadı. Elimizin igid oğulları düşməndən bir an belə qaçmadı. Sağ qalan əhalinin Xocalıdan çıxarılması üçün əllərindən gələni etdilər. Azərbaycan xalqının silahlı düşmənə qarşı hürriyyət uğrunda mübarizəsi rus və erməniləri qorxutmağı bacardı. Öz silahlı texnikalarına güvənən düşmən millətimizin mübarizəsinə məəttəl qaldı. Bu mübarizə hissimiz təkcə həmin gün deyil, illər sonra da dünyaya yayıldı. Çünki qanlı izlər bizi intiqama doğru səsləyirdi. Müstəqillik qazandıqdan sonra şanlı ordumuz gücləndi, yeni strategiyalar quruldu. Təkcə Xocalı soyqırımının deyil, 20 yanvar, mart hadisələri və digər vəhşiliklərin cavabı verildi. Düşmən cəzasız qalmadı. Xalqımızın intiqamı alındı. Mənəvi birliyimiz qalib gəldi. Artıq şəhidlərin ruhu da xoşbəxtdir.
Xocalı faciəsindən 33 il ötür. Hər il yenidən yaddaşlara həkk olunur və unudulmur. Çünki Xocalı faciəsi  Azərbaycan xalqı üçün dərin hüznlü bir gün kimi ürəklərdə qalmaqdadır.

Nurcan İsmayılova