Onlayn təhsil-Zərurətə çevrilən həll

Bölmə: Sosial › ,
Tarix: 13:44 26.02.2025

Onlayn təhsil zərurətdən doğan həll yoluna çevrilib.


Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib. Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra məktəblərdə və universitetlərdə onlayn təhsil infrastrukturu əhəmiyyətli dərəcədə güclənib:
“Xüsusilə hava şəraitinin dəyişdiyi və ya beynəlxalq tədbirlərin keçirildiyi hallarda onlayn təhsil artıq uğurla tətbiq edilir. Məsələn, COP29 zamanı Bakı və Abşeron ərazisində distant təhsil sistemindən istifadə olundu. Bu da göstərir ki, hibrid təhsil sistemi artıq tədrisin bir parçasına çevrilib”.


Ekspertin sözlərinə görə, son günlər hava şəraitinin pisləşməsi səbəbindən əsasən ali təhsil müəssisələrində onlayn dərslərə keçid edilməsi əhəmiyyətli addım olub:
“Ali təhsil müəssisələrində gündüz tələbələri ilə yanaşı, magistratura səviyyəsində təhsil alan tələbələr də var. Onların əksəriyyəti axşam saatlarında dərsə gedir. Lakin hava şəraitinin kəskin pisləşməsi, yolların buz bağlaması və ictimai nəqliyyatın erkən fəaliyyətini dayandırması kimi amillər dərslərdə aksamalara səbəb ola bilərdi. Bu baxımdan onlayn təhsilə keçid faydalı və vacib addım idi”.


E.Süleymanov bildirir ki, Bakıda qış mövsümü uzun çəkməsə də, gələcəkdə fors-major hallar zamanı distant təhsilə keçmək artıq çətin olmayacaq:
“Çünki hazırda əksər universitetlərdə onlayn təhsil sistemləri mövcuddur. Bu prosesin həyata keçirilməsi üçün müxtəlif platformalar – Zoom, Google Meet, Microsoft Teams və digər proqramlardan istifadə edilir. Tələbələrin email hesabı olduğu təqdirdə bu platformalar vasitəsilə rahat şəkildə dərslər keçirilə bilər”.


Ekspert bəzi fənlərin onlayn tədris edilməsinin daha məqsədəuyğun olduğunu da vurğulayıb:
“Xüsusilə kütləvi auditoriyalarda keçirilən dərslər, praktik tədrisin bir hissəsi olmayan fənlər onlayn formatda tədris oluna bilər. Bu, həm universitetlərdə auditoriya və kampus yükünü azaldar, həm də daha çox tələbənin dərslərə qoşulmasını təmin edər. Bəzən region universitetlərində müəllim tapmaq çətin olur. Belə hallarda paytaxt universitetlərindən və xarici ölkələrdən mütəxəssislər onlayn formatda dərs keçə bilər”.


Elçin Süleymanov sonda məktəblərdə də onlayn təhsil imkanlarının genişləndiyini qeyd edib:
“Rayon mərkəzləri, Bakı və Abşeron məktəblərində onlayn təhsil platformasının işlək vəziyyətdə olduğunu düşünürəm. Burada əsas problem internet bağlantısı və sürəti ilə əlaqəli ola bilər. Lakin infrastrukturun gücləndirilməsi ilə bu problemlər də həll oluna bilər”.


Gülxanım Əliyeva