“Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçir”

Tarix: 22:35 25.02.2025
Bakıda Azərbaycan və Pakistan arasında biznes forum keçirilib. Tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının müzakirəsi aparılıb. Forumda dövlət rəsmiləri və sahibkarlar iştirak edib, enerji, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, Prezident İlham Əliyevin adından Pakistanın Baş naziri Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti təşkil edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, biznes forum Azərbaycan və Pakistan sahibkarları üçün yeni əməkdaşlıq imkanları yaradır:
“Bu cür görüşlər ticarət əlaqələrinin genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı və investisiya layihələrinin formalaşması baxımından vacibdir. Forum çərçivəsində sahibkarlar qarşılıqlı maraq doğuran istiqamətləri müəyyən ediblər. Həmçinin, dövlət nümayəndələrinin iştirakı rəsmi əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə şərait yaradır. Azərbaycan və Pakistan arasında yeni investisiya müqavilələrinin imzalanması məsələsinə toxunan ekspert bildirib ki, bu istiqamətdə artıq ilkin razılaşmalar mövcuddur. Bu məsələyə dövlət başçıları da diqqət yetirib. Əslində, 2024-cü ildə ilkin razılaşmalar əldə olunmuşdu. Azərbaycan xüsusilə enerji sektoruna investisiya yatırmaqda maraqlıdır. Ölkəmizin bu sahədə potensialı və maliyyə resursları var. Pakistan isə Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasında siyasi, hərbi və mədəni əlaqələr mövcuddur. Həmçinin, hərbi-sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi mümkündür”.
Ekspert əlavə edib ki, iki ölkə arasında siyasi, hərbi və iqtisadi əməkdaşlıq mövcuddur və ticarət əlaqələri həyata keçirilir:
“Bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var. Qarşılıqlı maraqlar çərçivəsində yeni investisiya layihələri reallaşa bilər. Forumda siyasi rəhbərliyin bu məsələyə müsbət yanaşması və əldə edilən ilkin razılaşmalar onu göstərir ki, il ərzində yeni müqavilələrin imzalanmasının və proseslərin başlanmasının şahidi ola bilərik”.
Selcan Əhmədli