"Xəbər axını digər janrları kölgədə qoyub"-Ceyhun Musaoğlu

Bölmə: MEDİA › ,
Tarix: 15:05 05.06.2024

"Dünyada gedən xəbər tendensiyası, sürətli xəbər axını digər janrlara qalib gəlməyi bacarır". Bu sözləri "İnformator.az"-a açıqlamasında media üzrə ekspert Ceyhun Musaoğlu bildirib.

 


Ekspert data jurnalistikasının daha da çox inkişaf etməməsi səbəbini operativlikdə görür. Belə ki, xəbərlər o qədər sürətlə yayılır ki, jurnalistin hər hansı faktı araşdırmağa şərait yaranmır.

 


"Data jurnalistikası baza xarakterli anlayışdır. Data  jurnalistin əlində bütün rəqəmlər, faktlar, cədvəllər olduğu halda  həmin materiallardan istifadə edərək mövzunu araşdırmaqdır. Həmin mövzu araşdırılıb daha dərin bir yazı hazır edilərək oxucuya çatdırılır. Data jurnalistikası verilənlər əsasında texnologiyalardan istifadə edərək yüksək səviyyədə hazırlanan araşdırma janrıdır. Azərbaycanda data jurnalistikası var. İnkişaf etmədiyini də söyləyə bilərik. Sadəcə dünya jurnalistikasında xəbər janrı digər janrları arxada qoyub. Xəbərlər o qədər sürətlə biri-birini əvəz edir ki, hətta saniyələr ilə xəbərlər dəyişilir. Ona görə də digər janrlarda yazılar yazmaq arxa plana düşür. Data jurnalistikası faktlar əsasında hazırlanır. Hazırda faktlar sosial şəbəkələr tərəfindən o qədər təhrif olunur, xəbərlərin yayımı sürətlə həyata keçirilir. Bu mənada araşdırmağa ehtiyac qalmır. Bu səbəbdən data jurnalistikasının inkişaf etmədiyini düşünürük. Hazırda Azərbaycan jurnalistikasında xeyli nümunələr var ki, rəqəmlər, dərin təhriflər əsasında hazırlanıb. Faktlar daha da araşdırılaraq auditoriyanın xidmətinə təm-təraqlı şəkildə çatdırılıb".

 

Çinarə Muradova