Kirayə qiymətlərində dəyişikliklər olacaq?-Ekspert AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 21:05 09.07.2024
Orta və ali təhsil müəssisələrində yay tətilinin başlamasıyla kirayə evlərdə qalan tələbələrin bir çoxu rayonlara qayıdır, bəs yayda kirayədə yaşayan tələbələrin olmaması kirayə mənzil qiymətlərinə necə təsir edir?
Yayda mənzil qiymətləri azala bilərmi?
Əmlak eksperti Ramil Qasımzadə "informator.az"a müsahibəsində suallarımızı cavablayıb. təhsil mövsümünün başa çatması ilə bəzi tələbələr rayonlara qayıdıblar:
"Tələbələr qayıtsa da, o, demək deyil ki, onlar evləri də təhvil veriblər. Müşahidələr zamanı, məlum olur ki, tələbələr evlərinə qayıtsalar da, kirayə qaldıqları mənzilləri hələdə boşaltmayıblar. Qiymətlər stabildir, qiymətlərdə düşmə müşahidə edilmir. 1 otaqlılar 300 manatdan, 2 otaqlılar 400-450 manatdan, 3 otaqlılar isə minimum 500 manatdan kirayə verilir. Yeni tikililərdə isə kvadrat metrinə uyğun olaraq bu qiymətlər minimum 400 manatdan başlayaraq təklif olunur. Metro yaxınlığında yerləşən kirayə evlərin qiyməti isə digərlərindən 20% baha olmaqla təklif olunur".
Ekspertin sözlərinə görə, ən bahalı kirayə mənzilləri Nərimanov, Nəsimi, Səbail rayonları ərazisindədir:
"Orta qiymətlər isə Xətai, Nizami, aşağı qiymətlər Sabunçu, Suraxanı ərazisində müşahidə olunur. Qiymətlərdə dəyişiklik hələki yoxdur, avqustun axırından, sentyabrın əvvəllərindən başlayaraq qiymətlərdə dəyişiklik ola bilər. Tələbələrin yenidən Bakıya qayıtması ilə əlaqədar olaraq qiymətlərdə ənənəvi olaraq, müvəqqəti artımlar müşahidə oluna bilər".
Nigar Səmədli