Türk pilotun idarə etdiyi təyyarə qəzaya uğrayıb – Axtarış-xilasetmə işləri davam edir

Tarix: 22:26 02.07.2025
Əskişəhərin Sivrihisar rayonundan havaya qalxan M20J tipli tək mühərrikli təyyarə Ərzurum-Trabzon-Bayburt sərhədində qəzaya uğrayıb. Təyyarəni idarə edən pilot Mehmet Demirci və sərnişini Hicran Kayanın tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzadan sonra sərnişin Hicran Kaya təcili yardım xəttinə zəng edərək vəziyyətin kritik olduğunu bildirib. Daha sonra telefonla "DHA" müxbiri ilə əlaqə saxlayan Kaya, "Təyyarəmiz dağa çırpıldı. Harada olduğumuzu bilmirəm. Kömək edin, ölürük" sözləri ilə həyatlarının təhlükədə olduğunu deyib.
Hadisə yerinə hərbi helikopter cəlb olunub. Ətraf bölgələrdən AFAD qrupları da axtarış işlərinə qoşulub.
Məlumata görə, pilot Mehmet Demirci 2008-ci ildən bəri aktiv şəkildə uçuşlar həyata keçirir. O, solo dünya turuna başlamaq üçün yola çıxıb və sərnişini Hicran Kayanı Rizəyə çatdırdıqdan sonra səfərinə tək davam etməyi planlaşdırıb. Demirci dünya turuna başlamazdan əvvəl jurnalistlərə açıqlamalar da verib.
Axtarış-xilasetmə əməliyyatları hazırda intensiv şəkildə davam etdirilir.
Mənbə: CNN Türk
Türkan Kərimli