“Yox” deməyi bacarmaq

Tarix: 21:34 02.07.2025
Gün ərzində nə qədər insanın istəyinə razı oluruq, özü də bəzən heç istəmədiyimiz halda. Sadəcə qarşı tərəfi incitməmək, pis görünməmək və ya “yaxşı insan” kimi qalmaq üçün öz rahatlığımızdan keçirik. Halbuki “yox” demək təkcə imtina deyil, həm də özünə hörmətin ifadəsidir. Bəs niyə bu qədər sadə görünən bir sözü demək bu qədər çətindir?
Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva “İnformator.az”a açıqlamasında bildirib ki, “yox” sözünün insana ciddi təsirləri mövcuddur:
“Bu söz sadə görünsə də, onun insan psixologiyasına və beyin fəaliyyətinə ciddi təsirləri var. “Yox” sözü beyində stres reaksiyası yaradır. Beynimiz “yox” sözünü eşidəndə “amiqdala” adlı bölgə aktivləşir. Bu amiqdala bölgə emosional reaksiyaların, xüsusən də qorxu və stresin idarə olunduğu hissədir və duyğuların yaddaşı kimi də sayılır. “Yox” özü neqativ kəlmədir və məhdudlaşdırıcı təhlükə siqnalı kimi də qəbul olunur. Bu da beyində “kortizol” və “adrenalin” kimi stres hormonları ifrazatını artırır. Bu səbəbdən dolayı insanlar “yox” kəlməsini istifadə etdikdə, bədəndə bir az titrəşim hiss olunur. Bu, stres hormonunun ifrazını göstərir. Bu, ən çox altruist insanlara aiddir. Altruizm davranış öz mənfəətini başqasının mənfəəti uğruna qurban verməkdir. “Yox” kəlməsini istifadə edə bilməyən əksər insanlar belə insanlar olur. Bu da zaman içərisində onların daxilən tükəndiyini göstərir. Öz daxili dünyasında parçalanma baş verir. Öz mənliyinə zərər vermiş olur. “Yox” sözü güclü güvən yaradır. Bu səbəbdən dolayı insanın psixoloji sərhədlərinin qorunduğunu göstərir. Həmçinin beyində özünə güvən və nəzarət hissini artırır. Həm şəxsi sərhədlərimizi qoruyuruq, həm də öz beynimizdə güvən və nəzarət hissini artırmış oluruq. Bu da üç-dörd yaşdan başlayır. Çünki dörd yaşdakı uşaqda təşəbbüskarlıq inkişaf edir və “yox” deməyi bacaran uşağa sayğı duymaq lazımdır. Adətən, bir yaşından uşaq öz etirazlarını bildirməyə başlayır, istəmədiklərini başı ilə bildirir. Bəzən analar çox məcbur edirlər. Uşaq yemək istəmir, məcbur edir və orada “yox”unu qırır, uşağı görməzdən gəlir. Bu da həmin uşaqların özgüvənini zədələyir”.
Psixoloq, “yox” deməyi öyrənmək üçün bəzi texnikalar da məsləhət görüb:
“Yox” deməyi bacarmaq üçün ən yaxşı üsul özgüvənlə bağlı texnikalar işlətməkdir. Əvvəlcə həmin şəxs onun üçün özgüvənin nə olduğunu anlamalıdır. Deyək ki, sizin üçün özgüvən özünüzə olan hörmətdir. Bir situasiyada, bir problemdə əvvəlcə öz tərəfinizdən düşünməyə çalışacaqsınız. "Yox" kəlməsini istifadə edə bilməyən insanlar düşünməlidir ki, bu, onun üçün faydalıdırmı və nə qədər qazanc, nə qədər itki yaşayacaq. İtkisi çoxdursa, bununla razılaşmamalıdır. Onun üçün ən yaxşısına qərar verməlidir.
İkinci olaraq, ünsiyyət üslubuna diqqət yetirmək lazımdır. "Yox" kəlməsini işlədə bilməyən insanlar düşünür ki, qarşısındakinin qəlbini qıra bilər. Bunun üçün qəlb qırmayan texnika da mövcuddur. Biz “amma”nı yanlış işlədirik. "Amma"dan əvvəl təsdiq cümlə, "amma"dan sonra isə inkar cümlə işlədirik. Deyək ki, sizi bir yerə dəvət edirəm. Siz isə gəlmək istəmirsiniz. Deyirsiniz ki, “Gəlmək istəyirdim, amma heç cür alınmır”. Bu, yanlışdır. Belə deməliyik: “Heç cür gələ bilmirəm, amma elə istəyərdim ki, yanında olum”. İnsanlar sonraki ifadəyə daha çox diqqət yetirdiyi üçün bu, sizin qəlb qırmadan istifadə edə biləcəyiniz ünsiyyət forması budur.
Üçüncü texnika, əgər şəxs “yox” deməyi heç cür bacara bilmirsə, yaxşı olar ki, psixoterapiya dəstəyi alsın. Görünür ki, onların "yox" deyə bilməməsi başqa səbəblərdən dolayıdır. Bu da dərin psixoloji travmaların nəticəsinə görə ola bilər”.
Lalə Qurbanlı