Bakı və İrəvanın Moskva siyasətinə paralel etirazı-Cənubi Qafqazda yeni mərhələ

Tarix: 22:26 02.07.2025
Son dövrlərdə Azərbaycan və Ermənistanın eyni vaxtda Rusiyaya qarşı sərgilədiyi sərt mövqe Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını göstərir. Region dövlətləri artıq Moskvanın vasitəçi rolunu qəbul etmir, öz qərarvermə suverenliyini ön plana çıxarır. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı razılaşma və beynəlxalq münasibətlərdəki dəyişikliklər bu prosesi daha da sürətləndirir.
Azərbaycan və Ermənistanın Rusiyaya qarşı paralel mövqeyinin səbəbləri, Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu nə ilə izah olunur?
Mövzu ilə əlaqədar politoloq Turan Rzayev " İnformator.az"a bildirib ki, Rusiya 200 ildən artıqdır ki, Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır:
"Bu dövrdə müxtəlif mərhələlərdə – istər Çar Rusiyası, istər sovet, istərsə də postsovet dövründə – Moskva bölgədə etnik və siyasi qarşıdurmalar yaradaraq, vasitəçi kimi çıxış etməyə çalışıb. Lakin hazırda bu yanaşma effektivliyini sürətlə itirir. Regionda uzun illər qarşı-qarşıya duran Azərbaycan və Ermənistan bu dəfə paralel şəkildə Rusiyanın təsir siyasətinə qarşı mövqe nümayiş etdirir.
Bakıda Rusiya əleyhinə ictimai və rəsmi reaksiyalar kəskin şəkildə artıb. Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnən hadisələrə görə Azərbaycan Rusiya hüquq-mühafizə orqanlarını “etnik əsaslı qətliam”da ittiham edərək məsələni beynəlxalq siyasi gündəmə çıxarıb.Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiya ilə bağlı sərt çıxışlarla diqqət çəkib. O, rus telekanallarının ölkədə yayımının dayandırılmasını təklif edərək bu media qurumlarını milli təhlükə adlandırıb və bəzi rusiyalı aparıcılara qarşı aşağılayıcı ifadələr işlədib.
Bakı və İrəvanın bu paralel mövqeyi Moskvanın illərdir tətbiq etdiyi “yuxarıdan aşağı” idarəetmə modelini sarsıdır. Əvvəllər daxili çalxantılardan istifadə edən Kreml, indi hər iki ölkənin siyasi rəhbərliyindən gələn müqavimətlə üz-üzədir.
Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşma da Rusiyanın bölgədəki rolu baxımından önəmli dəyişiklikdir. Razılaşma Moskvanın dəhliz üzərində nəzarət imkanını istisna edir.İddialara görə, Kremlin Ermənistanda dini kanallar vasitəsilə çevrilişə cəhd etdiyi bildirilir, lakin bu təşəbbüs uğursuz alınıb. Oxşar ssenarilər Azərbaycana qarşı da tətbiq edilməyə çalışılsa da, ciddi nəticə verməyib".
Politoloq Turan Rzayevin fikrincə, hazırda Türkiyə, Azərbaycan və Ermənistan arasında formalaşan əməkdaşlıq xətti regionda Rusiyasız yeni təhlükəsizlik və nəqliyyat sisteminin qurulmasını gündəmə gətirir:
"Ekspertlər bu prosesi “Kalininqrad modeli” ilə müqayisə edirlər.Bu geosiyasi dəyişikliklər Rusiyanın Cənubi Qafqazdakı vasitəçi və qarant rolunun sonunu göstərir. ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskinin “Böyük Şahmat Taxtası” əsərində qeyd etdiyi kimi, Rusiya imperiyasının gələcəyi Azərbaycan, Ukrayna və Özbəkistanın mövqeyindən asılıdır. Bu baxımdan Azərbaycan hazırda təkcə öz taleyinə deyil, regional və qlobal güc balansına da təsir göstərən əsas aktora çevrilir".
Türkan Kərimli