İdman jurnalistləri: Emosiyanı çatdıran səssiz qəhrəmanlar

Tarix: 22:30 02.07.2025
Hər dəfə stadionda top qapıdan keçəndə sevinirik. Hər dəfə milli komandamız qələbə qazananda gözlərimiz yaşarır, ürəyimiz qürurla döyünür. Amma bu hissləri bizə yaşadanlar təkcə idmançılar deyil. Bəzən kamera arxasında, bəzən mikrofon arxasında, bəzənsə bir qəzet sətrində dayanan idman jurnalistləri də bu həyəcanın ayrılmaz bir hissəsidir.
Məhz buna görə hər il 2 iyul tarixi Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Bu gün ilk dəfə 1924-cü ildə Parisdə keçirilmiş yay Olimpiya Oyunları zamanı yaradılan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təsis tarixinə əsaslanır. O gündən bu yana idman jurnalistləri dünyanın dörd bir yanında bu peşənin şərəfini daşıyırlar.
İdman jurnalistikasını digərlərindən fərqləndirən bir məqam var: bu sahə sadəcə xəbər vermir, emosiya ötürür. Çünki idmanın özü emosiyadır – qalibiyyət, məğlubiyyət, mübarizə, birlik və ümid. İdman jurnalisti bəzən bir matçı canlı yayımda izah edən səsdir, bəzən pərdəarxası müsahibə ilə azarkeşi oyunçunun ruh dünyasına aparan qələmdir.
Azərbaycan da bu sahədə özünün istedadlı simalarını yetişdirib. Stadionlarda, idman zallarında, beynəlxalq yarışlarda peşəkar şəkildə çalışan yerli idman jurnalistləri həm qlobal arenada ölkəmizi təmsil edir, həm də ictimaiyyətlə idman dünyası arasında körpü rolunu oynayırlar. Onların analitik yazıları, canlı reportajları və obyektiv yanaşmaları idman ictimaiyyətində şəffaflıq və inam yaradır.
Bu peşənin çətinlikləri də az deyil: gecə-gündüz iş rejimi, səfərlər, emosional yüklənmə, ani reaksiyalar və yüksək informasiya tempi. Amma bütün bunlara baxmayaraq, idman jurnalistləri həvəs və peşəkarlıqla işlərini davam etdirirlər. Çünki onlar təkcə hadisəni deyil, hissləri çatdıran peşəkarlardır.
İdmançılar medallarla, jurnalistlər isə sözlərlə qalib gəlirlər.
Gəlin, bu gün onlara bir təşəkkür edək.Çünki idmanın səhnə arxasında da qəhrəmanlar var.
Gülhüseynova Güllər