"Alpaqut döyüş sənətinə çox bağlıyam" -Cəfər Cəfərov

Bölmə: İdman › ,
Tarix: 15:18 01.08.2024

"Alpaqut Turan döyüş sənəti 2014-cü ildə Azərbaycanda beynəlxalq dərəcəli idman ustası Vasif Namazov yaradıb. Bütün hüquqi haqqlara görə Azərbaycana, o cümlədən Türk dünyasına məxsus döyüş sənətidir. Biz məşqçilər, idmançılar Alpaqutdan öncə digər idman növləri ilə məşğul olsaq da, Azərbaycan Alpaqut Federasiyası qurulandan sonra demək olar ki, mən bütün idmanlardan uzaqlaşaraq Alpaqut döyüş sənətinə yiyələndim və onun bütün döyüş sirlərini mənimsədim".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında Beynəlxalq Dərəcəli Usta Cəfər Cəfərov deyib. O, Alpaqut döyüş sənəti ilə məşğul olan gənclərə nəsihət verib:

 

"Alpaqut Turan döyüş sənətini çiynimizə alıb gələcək nəsillərə ötürmək üçün daha böyük addımlar atmalı, bu işi canla başla həyata keçirməliyik. Alpaqut döyüş fəlsəfəsi qədim tarixə malik olan döyüş sənətidir. Bizim borcumuzdur ki, Alpaqut idman növünü gələcək nəsillərə ötürüb, daha geniş şəkildə inkişafına dəstək olaq, çünki Alpaqut Turan döyüş sənəti Türk dünyasının adət ənənələrini əks etdirən yeganə döyüş sənətidir.

Alpaquta qatıldıqdan sonra mən döyüşlərdə iştirak etdim və eyni zamanda məşqçi kimi 10 ildir fəaliyyət göstərirəm. Alpaqut döyüş sənətinə çox bağlıyam, sevə-sevə, gözəl təbliğat aparıram. Biz öz aramızda danışarkən həmişə qeyd edirik ki, biz bir ailəyik. Mən digər idmanlarda görmədiyim qayğını, diqqəti, hörməti Alpaqutda gördüm. Burada olan mehribançılıq, birlik, bərabərlik və ən önəmlisi milli məfkurə, milli adət ənənələri çiyinlərimizə alıb daşımaq bizim üçün çox qürurvericidir".

 

O bildirib ki, Alpaqut döyüş sənətində təhlükəsizliyə tam şəkildə riayət edilsə də, zədələr qaçılmazdır:

 

"Bizim döyüşümüz digər döyüş növləri kimi kontakt döyüş olduğuna görə zədələr qaçılmazdır. Baxmayaraq ki, biz döyüşərkən uşaqlara, böyüklərə lazım olan bütün döyüş ləvazimatlarına diqqət etsək də, bütün döyüşçülər hakimlər tərəfindən yoxlanılır və daha sonra döyüşə buraxılır. Məsələn, hansısa bir çatışmazlığı olarsa, O geri dönür, bərpa edilir və daha sonra döyüşə dəvət edilir. Bu məqamlara biz, hakimlər, federasiya xüsusi diqqət yetirilir. Nə qədər qarşısını almağa çalışsaq da, ağır və yüngül zədələr, travmalar olur. Zədələr ağır olanda biz xəstəxanaya müraciət edirik. Bu səbəbdən biz çalışdığımız qədər qoruyucu vasitələrdən istifadə edirik.

 

Alpaqut döyüş sənətində zədələrdən qorunmaq digər idmanlardan daha üstündür. Biz buna çox önəm veririk. Yaş kateqoriyalarımız var. Məsələn, Batur döyüş sistemində yerdə boğucu fəndlər var, amma biz diqqət edirik ki, azyaşlıların yerə yıxarkən bədənə və üzə vurmasın. Müəyyən yaşa çatdıqda yerə yıxarkən qarına vurmaq olar. 18 yaşı keçdikdən sonra isə üzə vurmaq icazəlidir".

 

Məhəmməd Qasımov