"Amerikanın bu təşəbbüsü Gürcüstanın daxili işlərinə müdaxilədir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:06 01.08.2024
ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
Bəs, əslində bu addımda əsl məqsəd nədən ibarətdir?
Mövzunu "informator.az"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Amerikanın bu təşəbbüsü açıq-aşkar Gürcüstanın daxili işlərinə müdaxilə etmək və mərkəzi hakimiyyəti sarsıdaraq, ölkə daxilində xaos, pərakəndəlik yaratmağa hesablanan bir addımdır:
"Aydın məsələdir ki, QHT-lərə və mediaya ayrılacaq o vəsait, əslində, hazırkı iqtidarı sarsıtmaq üçün planlanıb. Gürcüstanda qəbul edilən qanun layihəsini, Amerika özünün və Qərbin maraqlarına təhdid kimi qiymətləndirir, Rusiyaya meyilli bir qanun olaraq qəbul edir. Lakin reallıq bundan ibarətdir ki, sözügedən qanun 40-cı illərdə elə Amerikada qəbul edilib və bunların hər biri gürcü xalqının iradəsini təmsil edir, bura hər hansısa bir müdaxilənin edilməsi ölkənin suverenliyinin, hüququnun pozulmasıdır. Bunun medianın gücləndirilməsində hər hansısa bir rolu olacağı gözlənilən deyil, sadəcə olaraq daxildə Qərb meyillərinin artması üçün atılan təşviqat xarakterli addımdan ibarətdir".
Gürcü xalqı ilə bağlı proqram və fəaliyyətlərdə dəyişikliklərə gəlincə isə politoloq əlavə edib ki, qeydlərin güclənməsi, mediaya dəstəyin artırılması, şübhəsiz ki, Gürcüstanda hakimiyyətin dayaqlarını zəiflətməyə hesablanan bir addımdır və bu baxımdan da bu ölkəyə hər hansısa müsbət gələcək vəd etmir.
Aytac Kərimova