Bitə yoluxma halları zamanı nə etməliyik?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:59 11.09.2024
Son aylarda uşaqlar arasında bit və ona bənzər həşəratlara yoluxma halları çoxalıb. Valideynlərin əksəriyyəti bu vəziyyətdə nə etməli olduqlarını bilmirlər və müxtəlif üsullara əl atırlar. Bu üsullar isə bəzən faciələrlə nəticələnir.
Mövzuyla bağlı daha ətraflı toksikoloq Aynur Məmmədova "informator.az"a açıqlama verib. Toksikoloq yoluxma hallarında nə edilməli olduğunu izah edib:
"Uşaqlar arasında bit yoluxmasına daha çox yay aylarında rast gəlinir. Əsasən qızlarda bu hala daha çox olur. Bəzi valideynlər məlumatsızlıqdan, ehtiyatsızlıqdan elə bilirlər ki, heyvanlar üçün olan dərmanları uşaqlar üçün də istifadə etmək olar. Amma böyük səhv edirlər. Bu səhv faciə ilə nəticələnə bilər. İstifadə olunan bu dərmana "fosfor üzvi birləşmə" deyilir. Fosfor üzvi birləşmə öz xüsusiyyətinə görə çox ağır zəhərlənmə verən birləşmədir. Dərman insan dərisinə, xüsusilə, baş dərisinə daha tez təsir edir. Dəri zəhərlənməsinə perkutan zəhərlənmə deyilir. Əvvəlcə tənəffüs sisteminə təsir edir. Tənəffüs dəyanması ardınca ürək dəyanması baş verir. Xəstə tez bir zamanda xəstəxanaya çatdırılsada artıq gec ola bilər. Əgər valideyn ehtiyatsızlıqdan bu dərmanlardan istifadə edibsə, mütləq uşağın saçı dəfələrlə yumalıdır. Bəzi valideynlər bizim yanımıza gələndə deyir, "uşağın başını 3-4 dəfə yumuşam amma başından, ağzından qoxu gəlir". Biz həmin pasientlərin mədəsini yuyuruq. Çünki zəhərlənmə dəri ilə sorulur qan damarları ilə bütün bədənə yayılmış olur. Bu kəskin qoxu uşağın başından, ağızından keçmir. Əgər belə bir hal baş verirsə, gözləmək lazım deyil dərhal isti yaxud soyuq su fərq etmir yumaq lazımdır. Yuyulduqdan sonra uşaq tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.
Bitə yoluxma zamanı valideynlər apteklərdə satılan xüsusi bit əleyhinə şampunlar, bit əleyhinə sabunlardan istifadə etməlidirlər. Hər aptekdən bu vasitələrə rast gəlinir.
Zəhərlənmənin əlamətlərinə halsızlıq, ürək bulanma, huşu itirmək, böyrək və tənəffüs dəyanması aiddir".
Zeynəb Mustafazadə