Tələbələr nə üçün Bakıda təhsil almağa üstünlük verirlər? -RƏY
Bölmə: Sosial › ,Tarix: 10:38 18.09.2024
Azərbaycanda ali məktəblərə qəbul olan tələbələrin əksəriyyətinin Bakıda təhsil almağa can atması artıq hər kəsə məlumdur. Bununla bağlı olaraq Bakı sakinlərinin ciddi narazılığı da heç kimə sirr deyil.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov"informator.az"a açıqlamasında bildirib ki, tələbələrin əksəriyyətinin Bakıda təhsil almağa can atmasının səbəbləri böyük şəhərdə oxumaq istəməsi, Bakının imkanlarının tələbələr üçün daha cəlbedici olması ilə bağlıdır:
"Azərbaycanda olan 52 universitetin 40-a yaxını Bakıda yerləşir. Paytaxtda yerləşən universitetlərin maddi texniki bazası regionlarda yerləşən universitetlərdən fərqlənir. Bakıdakı universitetlər daha müasir avadanlıqlarla təchiz olunur və tələbələri müəyyən qədər də qaynar şəhər həyatı gözləyir. Bu da həm əyləncə ilə əlaqədardır, həm də asudə vaxtlarını keçirmələri üçün regionlara nisbətən daha rəngarəngdir. Bu il Qarabağda Xankəndi universitetinin açılması bu tendensiyaya müəyyən qədər geri arqument gətirdi. Artıq gənclərimiz ora oxumağa gedirlər, çünki oradakı maddi texniki baza, yataqxana və imkanlar heç də paytaxtdan geri qalmır. Bir neçə ixtisasın sabah qruplarında ən səviyyəli tələbələr 2-ci kursdan artıq Qarabağda təhsil alır. Qarabağ universitetindəki şərait və təhsil region universitetləri üçün də gələcəkdə nümunə ola bilər ki, burda tələblər üçün yataqxana şəraiti, tələbələrin dincəlməsi vaxtının təşkili ilə əlaqədar tədbirlər, rəngli tələbə həyatı və s. imkanlar mövcud olsun. Yəni burda Qarabağ universitet rəhbərliyinə iş düşür. Bu tələblərin fikirləri önümüzdəki illərdə regionda oxumağın tələbə həyatına pozitiv impaktını göstərməlidir və bundan sonra da digər tələbələr alternativler seçilərkən region universitetlerini də üstün tutmalıdırlar".
Ekspert əlavə edir ki, Avropanın bir çox ölkəsində çox məşhur universitetlər var ki, paytaxtdan kənarda yerləşirlər:
"Burada bütün infrastruktur, tələblərin rahat yaşaması üçün şərait var. Eyni zamanda şəhərdə böyük universitetin olması şəhər üçün də əhəmiyyətlidir. Dolayısı ilə regionların canlanması baxımından region universitetlərinin cəlbediciliyi artırılmalıdır. Və bu da müəyyən qədər tələbə sayının paytaxtdan azalmasına kömək edər".
Sevinc Zeynalova