Səbrsizlik hansı fəsadlara yol aça bilər?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:11 19.09.2024
Hər bir insan həyatında 1 dəfə də olsa səbirsiz insanlarla qarşılaşıb. Onlar həmişə stressli, tələskən və düşüncəli olurlar. Səbirsiz olduqları üçün işləri daima yarımçıq qalır. Səbirsiz olmaq insan həyatına necə təsir edir? Bu hal xəstəlik yarada bilərmi?
Mövzu ilə bağlı daha ətraflı psixoloq Aygün Cəfərova "informator.az"a danışıb. Psixoloq qeyd edib ki, səbirsizlik davamlı olarsa, insanın fiziki sağlamlığına zərər yetirə bilər:
"Səbirsizlik xəstəlik deyil. Normativlərə baxdıqda səbirsizlik bir insanın istənilən hadisənin nəticəsini əldə etməyə səbirinin çatmamasıdır. Əgər bu hal davamlı olarsa, bu həmin insanın zehninə və fiziki sağlamlığına zərər yetirə bilər. Səbirsizliyin səbəbləri insanın tez-tez stressə məruz qalması, hadisələrdən, insanlardan gözləntilərinin yüksək səviyyədə olmasıdır. Səbirsiz insanlar zəif emosional tənzimləməyə malik olurlar. Yəni onlar duyğularını, emosiyalarını, düşüncələrini düzgün idarə edə bilmirlər. Tələskənlik hissi çox yüksək olur. Nəticədə insanlar qərarları yanlış verir, ailə, dostlar, iş münasibətlərində iş yoldaşları ilə əlaqələr zamanla pozulur, özünü kontrol etməni itirirlər. Bu haldan azad olmaq üçün ilk olaraq düşüncə tərzi dəyişməlidir. Səbirsiz insanlar daha çox mənfi düşüncələrdə olurlar. Müsbət düşüncəyə keçmək daha sağlamdır. Sağlam həyat tərzi mütləqdir. Açıq havada gəzmək, daha çox oksigen qəbul etmək, yürüyüş etmək lazımdır. İnsan daha çox havada olmalıdır ki, daha düzgün qərarlar qəbul etsin. Müəyyən rahatlaşıdırıcı rituallar, meditasiyalar, nəfəs texnikaları etmək lazımdır".
Zeynəb Mustafazadə