Fiziki məhdudiyyətli insanların cəmiyyətdə iştirakı-hansı güzəştlər olunur?

Bölmə: Sosial › ,
Tarix: 22:07 19.09.2024

Fiziki məhdudiyyətli şəxslər, əlillər üçün günümüzdə hansı fürsətlər yaradılır?

Cəmiyyət daxilində fəal iştirak etmələri üçün nə tədbirlər görülür?

 

 

Bu barədə sosioloq Üzeyir Şəfiyev "informator.az"a olan açıqlamasında bildirib ki, sağlamlıq imkanları məhdud olan insanlar Azərbaycanda təqribən 600000-in ətrafındadır:

 

 

"Azərbaycan cəmiyyətində də digər ölkələrdə olduğu kimi sosial həssas qruplar var və bu sosial həssas qruplardan da bir qismi sağlamlıq imkanları məhdud olan insanlardır. Bu insanlar müxtəlif yaş kateqoriyasında bölünür. Təqribən 70000-ə yaxını uşaq və yeniyetmələrdir. Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanların həyat şəraitini təmin olunmasına çalışılır. Onlar üçün imtiyazlar və güzəştlər, yaşayış üçün imkanların əlaçatanlığını təmin etmək üçün dövlət tərəfindən müvafiq addımlar atılır. Azərbaycan əlillərlə bağlı BMT-nin konvensiyasına da daxildir və öz qanunlarını da beynəlxalq konvensiyalara uyğunlaşdırır. Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı qanun qəbul olunub və həmin qanunda onların həyat şəraitinin yaxşılaşdırılmasına aid maddələr vardır".

 

Sosioloq nitqində fiziki qüsurlu şəxslərə edilən güzəşt və imtiyazlardan söz açıb:

 

"Əlillər üçün özəlliklə də 1-ci və 2-ci qrup əllilər üçün güzəştli iş saatları mövcuddur. Bu həftəlik 36 saatdan çox olmayan iş saatıdır. Eyni zamanda əlillərin peşə bacarığının artırılması üçün reabilitasiya proqramları dövlət tərəfindən təqdim olunur, pulsuz kurslar təşkil olunur, pulsuz təhsil məsələləri təmin olunur, pulsuz mənzil və məişət şəraitini yaxşılaşdırılması ilə bağlı onların imtiyazları var, mənzil kommunal xərclərlə bağlı güzəştlər var. Təhsil məslələri var ki, onların cəmiyyətə qarışması üçün evdə təhsillə yanaşı, orta və ali məktəblərdə təhsil alması üçün hüquqlar var. 

Dövlət tərəfindən bütün bunlar təmin olunur və əlillərin qorunması ilə bağlı əsaslı addımlar atılır. Çox əfsuslar olsun ki, bizim cəmiyyətimizin özü sağlamlıq imkanları məhdud olan insanlara qarşı biganə qalırlar. Məsələn, valideynlər uşaqlarını cəmiyyətdən gizlədirlər, təhsildən yayındırırlar bu cəmiyyətin və cəmiyyət üzvlərinin kobud səhvləridir. Biz müxtəlif yerlərdə, özəlliklə də əyalətlərdə buna çox rastlaşırıq. Məncə sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı təkcə paytaxtda yox, regionlarda da reabilitasiya və abilitasiya proqramları tətbiq olunsun. Təcrübə göstərir ki, yaradıcılıq imkanları məhdud olan insanlar cəmiyyətdə verə biləcəyi töhfələr əslində çoxdur. Məsələn, paralimpiya yarışlarından iştirak edən Azərbaycanlıları nümunə göstərə bilərik. 

 

Sağlamlıq imkanları məhdud insanlar üçün ictimai nəqliyyatda, eləcə də müxtəlif ictimai yerləd də inklüzivlik təmin olunmalıdır ki, onlar da cəmiyyətə rahat inteqrasiya olunsunlar və ölkəmizdə olan rifahı tam hiss eləsinlər".

 

Aslanova Fatimə