Təhsilli qızların sayında artım: Güclü qızlar, güclü gələcək...
Bölmə: Sosial › ,Tarix: 16:23 23.09.2024
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Cəmiyyətimiz üçün bu müsbət halın əsas səbəbləri nələrdir? Göstəricilərin daha da çoxalması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sosioloq Lalə Mehral "informator.az"a açıqlamasında bildirir ki, təhsil əsas hüquq və sosial məsuliyyətdir:
"Oxumağa marağı artan qızların çoxalması yaxşı haldır. Cəmiyyətdə savadlı qızın çoxalması bizim xeyrimizədir. Qadınlar möhtac vəziyyətdən çıxmaq üçün çalışır. Məhsuldar, təşəbbüskar, bacarıqlı, ziyası, savadı, zəkası, təhsili olan qadın özünü müdafiə edəcək, özünü təmin etmək üçün iş quracaq, məhsul istehsal edəcək, iqtisadiyyata töhfə verəcək, dolayısı ilə özünü və ailəsinin rifahını həyata keçirəcək".
Sosioloqun sözlərinə görə, güclü qızlar, güclü gələcək deməkdir:
"Qızlarınıza ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Ölkəmizdə qızların təhsilinə, ziyasına olan diqqət bir çox müsəlman ölkəsində yoxdur. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır. Valideynlərə alqış ki, qız övladlarının oxumasına çalışırlar.
Oğlanların oxumağa marağının azalması hallarına da rast gəlirik, yeniyetmə çağında bunlar mümkündür. Bəzən oxumağa marağı olmayan oğlanları sənət, peşə məktəbinə göndərirlər, bu da yaxşı haldır. Peşələrə olan təlabat da çoxdur. Yarımçıq papaqçı olmaqdansa kamil palançı olmaqları yaxşıdır".
Sevinc Zeynalova