Metroda gecikmə və dayanmaların səbəbləri  -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:27 23.09.2024

Tədris ilinin başlaması ilə əlaqədar metrolarda da sıxlığın olması hər kəsə məlumdur. Amma metroların əksəriyyətində qatarların gecikməsi müşahidə olunur. Eyni zamanda bu gün səhər radələrində qatarların anidən təxmini 1 dəqiqə dayandığı iddia edilib.

Qatarların gecikməsində və anidən dayanmasındakı səbəblər nədir?

Bu barədə "İnformator.az"a açıqlamasında Bakı Metropoliteni QSC-nin Mətbuat Katibi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteni yeni tədris mövsümünün əvvəlində də elan etdiyimiz kimi texniki imkanların ən optimal həddində hərəkət qrafiki təşkil edəcək:

"Bu o deməkdir ki, Metropolitendə texniki cəhətdən mümkün ən minimal intervallar tətbiq olunacaq. Bundan aşağı intervalın tətbiq edilməsi faktiki olaraq qeyri-mümkündür. Hətta indiki halda belə minimal interval tətbiq olunsa, sərnişin sıxlığı səbəbilə xətlərdə demək olar ki, hər gün müəyyən gecikmələr müşahidə olunur.

Bakı Metropoliteni stansiyalarının bəlli buraxıcılıq qabiliyyəti var. Xüsusən də, səhər saatlarında bir istiqamətdən "Koroğlu", digər istiqamətdən "20 Yanvar" stansiyaları həddən artıq sərnişin axını olur. Təkcə bunlar deyil, elə "Koroğlu" istiqamətində "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər", "Qara Qarayev" stansiyalarında da sərnişin sayı artıb. "Həzi Aslanov" da bu sırada sayıla bilər. Digər istiqamətdə "Memar Əcəmi", "İnşaatçılar" stansiyalarındada sərnişin kütləsi çoxdur. Səhər saatlarında "Elmlər Akademiyası"nda da çıxışa doğru çoxsaylı sərnişinlər olur. Günorta saatlarında isə 4 stansiyadan çox sərnişim daxil olur. Bunlar "Elmlər Akademiyası", "28 May", "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarıdır. 5 vaqonluq qatarın hər vaqonunun tutumu 315-330 sərnişinə qədərdir".

Bəxtiyar Məmmədov qatarların yubanmasındakı səbəblərdən bəhs edib:

 

"Yubanmalara gəldikdə isə sərnişinlərin qapını sıxıb saxlaması, enib-düşmədə ləngimələr qatarların hər stansiyada 10-15 saniyə gecikməsinə səbəb olur:

"1 sərnişinin 1 neçə qatar buraxması, eləcə də hərəkətdə gecikmələr onların da narahatlığına səbəb olur. Bakı Metropoliteni imkan olduqca bunların qarşısını alır. Sosial şəbəkələrdə də kifayət qədər sıxlıqla bağlı fotolar da var idi. Bu gün üçün Bakı Metropoliteninin reallığı budur. Dünyadakı metro qanunlarına əsasən hər bir xətt müstəqil fəaliyyət göstərməkdir. Bakı Metropolitenində isə bu yoxdur. Bu problemin həllində priotetlərin başında xətlərin ayrılması öncüllük təşkil edir".

Fidan Fərhadlı